"Səfər Ağdama möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Prezidentinin Ağdama səfəri uzun illər düşmən tapdağı altında qalan torpağımıza möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Ağdam qurulur, əvvəlkindən daha əzəmətli, daha möhtəşəm, daha böyük, daha müasir bir Ağdam olacaqdır: "Azərbaycan Prezidenti Ağdam şəhərinə səfəri çərçivəsində bir sıra açılışlarda iştirak etdi. Eyni zamanda uşaq bağçalarının, yeni yaşayış komplekslərinin, yeni otellərin, məktəblərin və digər tikililərin inşa olunması prosesi ilə tanış oldu. Bu, onu göstərir ki, hazırda Ağdamda tam təminatlı böyük bir şəhər yaradılır. Bu şəhərin müəllifi tarixi Zəfərimizin, "Böyük Qayıdış"ımızın müəllifi Prezident İlham Əliyevdir.
Şübhəsiz ki, Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub. Eyni zamanda Ağdam rayonu Aran Qarabağın ən inkişaf etmiş mərkəzlərindən biri kimi kənd təsərrüfatı, aqrar sənaye və bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən biri olub. Ona görə də, "Böyük Qayıdış" çərçivəsində Ağdamın tarixi şöhrətinin özünə yenidən qaytarılmasına şahidlik edəcəyik. Azərbaycan Prezidentinin səfəri zamanı tanış olduğu obyektlərin, otellərin, iş yerlərinin, yaşayış komplekslərinin, məktəblərin vəziyyəti ilə tanışlıq bir daha onu göstərir ki, Ağdam tamamilə yenidən yaradılır və Azərbaycana faktiki olaraq yenidən qazandırılır. Ona görə də, bu səfər Ağdama möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə