“Azərbaycan daim beynəlxalq əməkdaşlığa böyük önəm verir“ - ŞƏRH OLUNDU

“Azərbaycan dövləti daim beynəlxalq əməkdaşlığa böyük önəm verir. Azərbaycanın bu istiqamətdə çox şaxəli siyasəti var. Məlum olduğu kimi, dövlətimiz zaman-zaman Avropa ölkələri ilə iqtisadi əməkdaşlıq sahəsində, xüsusilə də alternativ enerji ilə bağlı bir çox layihələr irəli sürüb. Bu layihələr Azərbaycanın Azərbaycanın etibarlı tərəfdaş kimi dünyaya tanıdılmasında mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələri, beynəlxalq təşkilat və birliklərlə də əməkdaşlığını davam etdirir: “Bu istiqamətdə Azərbaycanın BRICS Sammitində iştirakı və buradakı əməkdaşlığı da gündəmdə olan məsələlərdən biridir.
Bu gün ölkə başçısının XVI BRICS Sammitində iştirak etməsi ilə bağlı Rusiyaya səfər etməsi də gələcəkdə nəzərdə tutulan layihə və əməkdaşlıq istiqamətində önəmli addımdır. Təbiidir ki, Azərbaycan daim bu istiqamətdə konkret mövqelər ortaya qoyub.

Azərbaycan Prezidenti BRICS sammitində qonaq qismində dəvət olunub. Bu səfər çərçivəsində bir çox iqtisadi əməkdaşlıqlarla bağlı perespektiv layihələr müzakirə olunacaq.
Bu gün dünyada qütbləşmə gedir, bəzi Qərb və Avropa ölkələri bir çox dövlətlərinə ədalətsiz, sərt sanksiyalarla çıxış edir. Bu da ölkələrin iqtisadiyyatlarına çox ciddi təsir göstərir. Bir növ Qərb bir çox ölkələrə qarşı bu cür sanksiyalar tətbiq etməklə onların iqtisadiyyatını təzyiq altında saxlamağa çalışırlar. Azərbaycan isə daim bu cür mənfi tendensiyalara qarşı öz qətiyyətli siyasətini həyata keçirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə