"Azərbaycan olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib. Dövlət başçısı qəbul zamanı qeyd edib ki, ikitərəfli münasibətlərimiz dinamik inkişaf tempinə malikdir və bu səfər çərçivəsində münasibətlərin perspektivi, regional gündəlik ətrafında fikir mübadiləsi ediləcək. Leo Dokertin isə öz növbəsində bildirib ki, ölkəsi regionda sülh və sabitliyin təmin olunması işinə hər zaman töhfə vermək niyyətindədir və Azərbaycanla uzun illərdir mühüm siyasi, iqtisadi, ticarət, enerji əlaqələrinin mövcudluğu ilə fəxr edirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır: "Leo Dokertin qeyd edib ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı. Bu, çox yüksək qiymətdir. Avropanın bəzi siyasi dairələrində, xüsusilə də parlamentində Azərbaycana qarşı qərəzli mövqe bəllidir. Bu, Böyük Britaniya nazirinin həm də öz parlamentarilərinə bir mesajı kimi qiymətləndirilməlidir ki, əgər Avropa regionunda sülh və təhlükəsizliyin möhkəmlənməsində maraqlıyıqsa, Azərbaycan faktoru həmişə nəzərə alınmalıdır. Kimlər anti-Azərbaycan siyasətinə təkan verirsə, onlar oturduğu ağacın budağını kəsmiş sayılırlar".

Deputat bildirib ki, Azərbaycan Prezidenti görüşdə BP şirkətinin uzun illər öncə ölkəmizdə fəaliyyətə başlamasını və iqtisadi inkişafa verdiyi töhfələri vurğulayıb: "Ölkə rəhbəri qeyd edib ki, hazırda Azərbaycan-BP əməkdaşlığı bərpa olunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyulub. Bunun özü də region üçün gözəl bir nümunədir. Danışıqlar prosesində Azərbaycan Prezidenti bildirib ki, antiterror tədbirləri nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Həmçinin, Prezident britaniyalı nazirin diqqətinə çatdırıb ki, Azərbaycan sülh müqaviləsi imzalamaqda maraqlıdır, regionun sülh gündəliyini dəstəkləyir. Azərbaycan müharibəni udub, indi də sülhü udmaq istəyir. O sülh ki, burada uduzan tərəf olmayacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə