"İlham Əliyev 20 il öncə verdiyi sözləri yerinə yetirib" - DEPUTAT ŞƏRH ETDİ

"Oktyabrın 15-i Azərbaycan xalqının tarixində mühüm günlərdən biri idi. Yəni, 2003-cü il oktyabrın 15-də möhtərəm İlham Əliyev Azərbaycan dövlətinin başçısı seçilib. Xalq birmənalı olaraq İlham Əliyevi dəstəkləyib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi ki, mən ona özüm qədər inanıram. Azərbaycan xalqı da Ulu Öndərin bu inamına hörmət əlaməti olaraq İlham Əliyevi dəstəklədi. Hələ seçki kampaniyası dövründə və prezident seçildikdən sonra cənab İlham Əliyev bəyan etdi ki, o, bütün Azərbaycan xalqının prezidenti olacaq və Ulu Öndərin yolunu uğurla davam etdirəcək. Ulu Öndərin yolu isə xalqı vahid bir güc halında birləşdirmək, azərbaycançılığı hakim ideologiya kimi inkişaf etdirmək, ən əsası isə işğal altında olan Qarabağ torpaqlarını azad etmək idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı 44 günlük Zəfər müharibəsindən sonra qələbənin dörd şərtini qeyd etmişdi: "Birincisi, xalq və iqtidar birliyi idi ki, ölkə başçısı bunu uğurla həyata keçirdi. İkincisi, məsələnin tarixiliyinin və hüquqiliyinin dünyaya çatdırılması idi. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti mümkün olan hər şeyi etdi. Üçüncüsü isə güclü iqtisadiyyat idi. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadiyyatı dövlət rəhbərimiz uğurla davam etdirdi. Nəhayət, dördüncüsü, 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın dövlət başçısının xalqa müraciətində qeyd etdiyi kimi o, xalqı və ordusu ilə fəxr edir. Azərbaycan Prezidenti İlham Əliyev yazırdı ki, hakimiyyətdə olduğum dövrdə əsgərimdən bir gün belə ayrı yaşamadım".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan ordusu dünyanın ən güclülərindəndir: "Çünki Ümummilli lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətini uğurla həyata keçirib. Eyni zamanda, İlham Əliyev də bu siyasəti ən yüksək səviyyəyə qaldıra bilib. Gənclərimiz öz Vətənini, torpağını sevib, erməni işğalı ilə barışmayıb və 2020-ci ildə Ali Baş Komandanın siyasi qərarı ilə nəyə qadir olduqlarını göstəriblər. Vətən üçün şəhid olmaq şərəf, torpaqlarını azad etmək böyük xoşbəxtlikdir. Dövlət başçısı Azərbaycan gəncinin qarşısında hansı vəzifələri qoydusa, ordu da onu uğurla həyata keçirdi. Cənab Prezident bu illər ərzində Azərbaycanlı əhalinin ona olan inamı, xoş münasibətini və düşmənə olan nifrətini formalaşdıra bilib. Çünki 44 günlük müharibədə düşməni müdafiə edən havadarlar Azərbaycana və onun dövlət başçısına təzyiq göstərmiş, təhdid etmişdir. Əvəzində isə heç nə əldə etmədilər. Çünki Azərbaycanın dövlət başçısının yolu məlum, xalq onun arxasında idi. 30 illik çətinliklər, işğallar keçmişdə qaldı. Azərbaycan 1923-cü ildə Qarabağda yaradılan muxtar qurumu tarixdən sildi. 2023-cü ildə Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu günlərdə onun torpaqları işğaldan azad etmək və azərbaycanlı əhalini öz dədə-baba torpaqlarına köçürmək arzusu yerinə yetirildi. Ali Baş Komandan bu tarixi ildə Azərbaycanı bütövləşdirdi. Azərbaycan Prezidenti 20 il bundan öncə verdiyi bütün vədlərə sahib çıxdı. Dünənədək Azərbaycana meydan oxuyan separatçı qüvvələr darmadağın edildi".

"Təbii ki, bu gün də Azərbaycanı istəməyən qüvvələr var. Ermənidən də çox erməni olan dövlətlər, siyasi təşkilatlar var. Onlar hələ də Azərbaycana hədə-qorxu gəlmək istəyirlər. Amma o günlər keçmişdə qaldı. Azərbaycan dövləti dünyaya bir daha bəyan etmək istəyir ki, əgər Qarabağ torpaqları ermənilərin olsaydı, onlar bu ərazini viranəyə çevirməzdilər. Bundan sonra Qarabağ cənnətə çevriləcək. O zaman dünyanın bədxah qüvvələri belə bu torpaqların Azərbaycanın olduğunu dərk edəcəklər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə