"Prezident haqqında səslənən fikirlər dünyanın ona heyranlığını göstərir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti həqiqətən də böyük tarixi uğurlara imza atıb. Torpaqlarımızın işğaldan azad olunması təkcə Azərbaycan xalqı və Cənubi Qafqaz regionu üçün deyil, dünya miqyasında əlamətdar bir hadisə idi. Çünki II Dünya müharibəsindən sonra bəlkə də heç bir ölkə Azərbaycan kimi həm siyasi təmkin nümayiş etdirməklə, həm də öz ərazi bütövlüyünü təmin etmək üçün güc komponentini uğurla istifadə etməklə torpaqlarını işğaldan azad edə bilməmişdir. Azərbaycan bunu bacardı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər münaqişənin dinc vasitələrlə tənzimlənməsinin tərəfdarı olduğumuzu səmimiyyətlə nümayiş etdirdi: "Lakin Ermənistan və onu dəstəkləyən ABŞ, Avropa dairələri hər vəchlə münaqişə vəziyyətinin davam etməsində maraqlı oldular. Bunun üçün bütün imkanlarını səfərbər etdilər. Azərbaycanın isə mövqeyi məlum idi. Nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirmək fikrində deyilik. Azərbaycan Prezidenti bunu bütün beynəlxalq tribunalardan səsləndirirdi. Ölkə başçısı qeyd edirdi ki, bizim hərbi gücümüz torpaqlarımızı işğaldan azad etməyə imkan verir: "Danışıqlar bir nəticə verməsə, hərbi yolla torpaqlarımızı azad edəcəyik". Həqiqətən belə də oldu. Ermənistan təxribatlarını daha da intensivləşdirərək Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətini aşkar şəkildə nümayiş etdirdiyi halda həm bu təxribatların qarşısını aldıq, həm də torpaqlarını işğaldan azad etmək üçün əməliyyatlara start verdi. 44 gün ərzində dünya tarixində nadir rast gəlinən Vətən müharibəsi apardıq və işğalçı Ermənistan ordusunu darmadağın etdik".

"Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsi dövründə Azərbaycan həm də diplomatik müstəvidə müharibə aparırdı. Azərbaycan Prezidenti 30-dan artıq dünyanın ən nüfuzlu Kütləvi İnformasiya Vasitələrinə müsahibələr verdi. Azərbaycan mövqeyini olduqca ciddi arqumentləşdirərək haqlı olduğunu dünyaya bir daha bəyan etdi. Onu da xatırlayırıq ki, bu müsahibələrin əksəriyyəti bir çox hallarda Azərbaycana qarşı əsassız ittiham dolu sualların mövcudluğu fonunda baş tuturdu. Ölkə başçısı isə özünün ensiklopedik biliyinə, geniş dünyagörüşünə söykənərək bütün ittiham xarakterli sualları cavablandırmış, qarşı tərəfi sözün əsl mənasında susdururdu. Bu da onun göstəricisidir ki, biz torpaqlarımızın azad olunması ilə yanaşı, siyasi müstəvidə də layiqincə mübarizə aparıb qələbə qazandıq. Bunun özü də dünya tərəfindən heyranlıqla müşahidə olunurdu. Dünyanın müxtəlif siyasi dairələrində Azərbaycan Prezidenti haqqında səslənən fikirlər də beynəlxalq ictimaiyyətin heyranlığını aydın şəkildə göstərirdi",- deyə o əlavə edib.

Deputat sözlərinə davam edərək bildirib ki, ötən üç il ərzində Azərbaycan yenə də böyük siyasi təmkin nümayiş etdirərək regionda sülhün təmin olunması istiqamətində həm təşəbbüskarlıq, həm də praktiki addımlar atmaq missiyasını öz üzərinə götürdü: "Biz yenə də Ermənistana sülh çağırışları etdik. Lakin bu üç il ərzində Ermənistanın destruktiv davranışları səbəbiylə regionda sülh əldə olunmadı. Bununla belə Azərbaycan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik mühitini birtərəfli qaydada təmin etmək iqtidarını nümayiş etdirdi. Bu gün Cənubi Qafqaz regionu məhz Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışları sayəsində münaqişələrdən və gərginlikdən azad olub. Sadəcə olaraq Ermənistan tərəfinin yenə də revanşist meyilləri qalmaqdadır. Kənar dairələrin, xüsusilə də Fransanın və bir sıra Avropa ölkələrinin regionda gərginlik yaratmaq cəhdləri daha da təmkinli, iradəli olmağı tələb edir. Azərbaycan da bu istiqamətdə hərtərəfli potensiala malikdir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin bütün istiqamətlərdə uğurlu addımları böyük bir coğrafiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təmin erməkdədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə