"Erməni dezinformasiyalarını tirajlayanlar əməllərinə görə peşman olacaqlar" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bəzi amerikalı senatorlar, o cümlədən, Bil Kesidi erməni dezinformasiyalarını tirajlamaqla məşğuldur. Nəticə etibarilə onlar yanlış informasiyalar yaymaqla özlərini erməni diasporuna sadiq şəxs kimi göstərirlər. Onlar seçkilər zamanı yenidən erməni lobbisinin dəstəyini almaq istəyirlər. Lakin heç kəsə sirr deyil ki, Azərbaycan atdığı bütün addımları beynəlxalq hüquqa söykənərək edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində yaşayan erməni əsilli insanlar heç bir humanitar böhranla qarşılaşmayıb: "Əksinə Azərbaycan Laçın yolunu humanitar məqsədlər üçün açıb və burada insanların hərəkəti təmin edilir. Yalnız Ermənistan tərəfi humanitar tır şousu yaratmaqla Azərbaycana təzyiqləri artırmaq niyyətini ortaya qoyur. Azərbaycan bir neçə alternativ yollar təklif edir. Ermənilər isə bugünədək bu yolu qəbul etməyib. Onların ucuz tır şousunu Azərbaycan nəhayət ki alt-üst etdi. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məhz Ağdam-Xankəndi yolu vasitəsilə 40 ton un yükündən ibarət tırı Xankəndiyə yola salmaqla ermənilərin bəhanələrini yerlə bir etdi".

"Düşünürəm ki, erməni əsilli əhali ilə təmaslar davam etdiriləcəyi təqdirdə və onlar separatçıların caynağından xilas edildikdən sonra bu humanitar dəstək davam etdiriləcək. O ərazidə bütün separatçılar, o cümlədən, əli silah tutan qanunsuz erməni quldur dəstələri Azərbaycan ərazilərini tərk edəcəklər. Nəticədə ermənilərin manipulyasiyasına və dezinformasiyasına heç kim inanmayacaq. Erməni lobbisinin təsiri altında onlara dəstək olmağa çalışan senatorlar və ya diplomatlar sadəcə sülh prosesini yubadırlar. Əslində, ermənilərə ən böyük ziyanı elə həmin şəxslər və ya dövlətlər vurur. Ümumilikdə hər kəs anlamalıdır ki, Azərbaycan dövləti suverenliyini özü qoruyur, bütün vətəndaşları, həmçinin, Qarabağda yaşayan ermənilər üçün bərabər hüququ təmin edir. Sonunda biz Ermənistanla sülh müqaviləsini imzalamağa nail olacağıq və dezinformasiyaları tirajlayan həmin şəxslər etdikləri əməllərə görə peşman olacaqlar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə