"BQXK-nin xisləti ermənilərinki ilə eynidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"44 günlük Vətən müharibəsinə qədər dünyanın bütün nüfuzlu təşkilatları hansı ki yaradılarkən onların nizamnamələrində birmənalı olaraq qeyd olunurdu ki, mövcud olan xalqların haqlarını qorumaq üçün ədalətli mübarizə aparacaqlar. Təəssüf ki, 30 il ərzində dünyanın əksər təşkilatları nəhəng dövlətlərin əlində alətə çevrilib. Xoşbəxtlikdən, işğal altında olan torpaqlarımızın taleyini onlar yox, Azərbaycan xalqı, ordusu və orduya rəhbərlik edən Ali Baş Komandanın böyük səyi nəticəsində həll olundu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi 44 günlük müharibəyə qədər nələri etdiyinin bəzilərini bilirdik, lakin çoxu sirr idi: "Ermənistan BQXK-nin adından istifadə edərək Qarabağa silah, mərmi və mina daşıdığı vaxt onun əsl üzü açıldı. Ona görə də əslində bizim üçün belə təşkilatlar yoxdur. Mövcud olsalar belə biz əminik ki, onlar Azərbaycanın haqq işini müdafiə etməyəcəklər. Çünki onların xisləti ermənilərinki ilə eynidir".

Deputat sözlərinə davam edərək bildirib ki, Avropa dövlətlərindən birinin XİN rəhbəri Ermənistana gedərək Azərbaycan torpaqlarını işğal edən və qovulan yaralı erməni əsgərinə gül verib: "Həmin nazirdən soruşan varmı ki, o əsgər vətənini müdafiə edirdi yoxsa işğalçı ordunun içində cinayətlər törətmişdi?! Həyasız xarici işlər naziri üzündə təbəssümlə əsgərə gül təqdim edir. Bəs, torpağı üçün şəhid olan əsgərlərin məzarını kim ziyarət etməlidir? Bizim əslində, o dövlətlərin heç bir nümayəndəsinə ehtiyac yoxdur. Ehtiyacımız olsaydı, Azərbaycanın dövlət başçısı onları qəbul edərdi. Bizim yalnız bir-birimizə, Ali Baş Komandanımıza ehtiyacımız var. BQXK haqqı müdafiə etmiş olsaydı, təəccüblənərdik. Çünki onlar başa düşən adamlar deyil. Bütün Azərbaycan xalqı bilir ki, 44 günlük müharibə dövründə dünyanın guya nüfuz qazanmış dövlət başçıları və beynəlxalq təşkilatları Azərbaycanı təhdid etdilər. Lakin Azərbaycan onların təhdid və hədə-qorxularını qəbul etmədi. Azərbaycan haqq-ədalət yolu ilə getdi. Nəticədə öz torpaqlarını azad edərək 30 ildir həsrət çəkən xalqını o ərazilərə köçürməyi planlaşdırdı. Artıq Laçın, Füzuli, Zəngilana köç prosesi həyata keçirilir. Dövlət bunun üçün onlara hər cür qayğı göstərir. 44 günlük müharibə ilə bu qayıdışın bünövrəsi qoyuldu və bu gün Azərbaycan xalqı bu istiqamətdə əlindən gələni edir".

"Avqustun 26-sı Laçın şəhərinin işğaldan azad olunduğu gündür. Bütün Azərbaycan xalqı bu günü böyük qürur hissi ilə qeyd edəcək. Beynəlxalq təşkilatlar ermənilərin haqsız tələblərini müdafiə etmiş olsa da, Azərbaycanın haqq işinə mane ola bilməyəcəklər. Çünki bugünkü gündə güclü Azərbaycan, onun güclü dövlət başçısı, onun haqq işini müdafiə edən 10 milyon xalq və şanlı ordu hər zaman torpağını qorumaq üçün hazırdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə