"Köç prosesinin həyata keçirilməsi üçün Azərbaycan bütün imkanlarını səfərbər edib" - SƏDR DANIŞDI

"İşğaldan azad olunmuş bölgələrə köçün başlaması artıq intensiv şəkildə həyata keçirilir. İlk növbədə bir məsələni nəzərə almaq lazımdır ki, həmin ərazilər infrastruktur qurulmadan, yaşayış üçün vacib şərtlər icra olunmadan daha öncə minadan təmizlənir. Bu gün mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdə bir nömrəli təhlükədir. Bu baxımdan müharibənin başa çatmasından üç il keçməsinə baxmayaraq tikintinin intensivləşməsi və köçün indi başlamasının başlıca səbəbi məhz mina təhlükəsinin olmasıdır. Bu, infrastrukturun qurulması, eyni zamanda köç prosesini ləngidir". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, bununla belə xüsusilə Laçın ağırlıqlı köçün başlaması çox önəmlidir: "Dövlətin önəm verdiyi məsələ ondan ibarətdir ki, Laçın həmçinin kommunikasiya xəttinin üzərində yerləşir. Laçınla bağlı müəyyən iddialar var. Onların qarşısını almaq üçün, ilk növbədə, Laçına daha tez və çox əhalinin köçü olduqca vacibdir. Digər yerlərlə müqayisədə nəzərə almaq lazımdır ki, Laçın şəhərində son vaxtlara qədər ermənilər yaşayırdılar deyə orada yaşayış yerlərini bərpa etmək mümkün idi. Yəni, Laçında bərpa işlərinə sıfırdan başlamağa ehtiyac olmadı".

Sədr sözlərinə davam edərək bildirib ki, yaxın günlərdə Füzuliyə də köç həyata keçirilib: "Ümumiyyətlə, bu proses getdikcə Ağdamı, Cəbrayılı və digər bölgələri də əhatə edəcəkdir. Ən son Kəlbəcərdə yaşayış üçün infrastrukturunun qurulması ilə bağlı ölkə başçısı tərəfindən 80 milyon manat ayrılıb. Bu istiqamətdə işlər aparılır. Demək olar ki, köç prosesi uğurla həyata keçirilir. Qarşıdakı dövr ərzində bu köç prosesini uğurla həyata keçirmək üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Təbii ki, həmin ərazilərdə Azərbaycan xalqının özünü təhlükəsiz hiss etməsi üçün ordumuzun güclü təmsilçiliyi də mövcuddur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə