"Ekoaksiya öz gücünü Azərbaycan cəmiyyətindən alır" - SİYASİ- EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Laçın yolunda ekofəallarımızın aksiyasının davamlı xarakter alması müsbət bir hadisədir. Bu onu göstərir ki, bütün Azərbaycan cəmiyyəti ekofəallarımızın Laçın yolundakı aksiyası ilə həmrəydir. Bu aksiya öz gücünü Azərbaycan cəmiyyətindən alır. Təsadüfi deyil ki, günü-gündən qısa fasilələrlə cəmiyyətin verdiyi dəstək hesabına ekofəalların tərkibi yenilənir. Bu da aksiyaya əlavə güc verir. Nəzərə alsaq ki, bu cür aksiyalar dərhal effekti hədəfləyib keçirilmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, biz onun effektiv nəticələrini yəqinki vaxtı çatanda görəcəyik: “Təbii ki başda Ermənistan olmaqla müəyyən qüvvələr aksiyanın daha böyük nəticələr verməsinə maneəçilik törədir. Amma indi belə ciddi nəticələrdən danışmaq mümkündür. Ekofəallar dünyanın diqqətini Laçın yoluna cəlb etdilər. Dünyaya mesaj verildi ki, Azərbaycan öz ərazi bütövlüyünü təminetmə prosesini sona qədər çatdıracaq”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bu proses sonunda separatçıların və yadelli qüvvələrin nəzarətində olan ərazilərə də yayılacaq: “Ekofəalların dünyaya verdiyi mesajlardan biri də bu idi ki, Azərbaycan özünün bütün ərazilərində təbii ehtiyyatlar üzərində suveren hüquqlarını və nəzarətini bərpa edəcək. Bütün sahələrdə olduğu kimi, ehtiyyatlar üzərində nəzarət hüququnu da heç kimə güzəştə getməyəcək. Etiraf etməsələr də, əksər dövlətlərə bəyan oldu ki, Azərbaycan Laçın yolunda əldə olunmuş razılaşmaların həyata keçirilməsində maraqlıdır. Bu gün də Azərbaycan Laçın yolundakı təhlükəsiz hərəkətə tam şəkildə zəmanət verir. Ermənistanın Laçın yolundan nəzarətsiz daşımalar siyasətini həyata keçirməsini Azərbaycan heç cür qəbul etməyəcək. Elə buna görə də beynəlxalq məhkəmə məhz bu mövqedən çıxış etdi ki, yüklərin, avtomobillərin maneəsiz hərəkəti heç də onların Laçın yolunda nəzarətsiz hərəkəti deyil. Ekofəalların bu ərazidə apardıqları fədakar mübarizənin nəticəsi olaraq Xankəndidə separatçıların özlərini mütləq hakim kimi aparmalarının belə qarşısını ala bilmişik. Ruben Vardanyanın da qovulmasına nail olmuşuq. Azərbaycan bununla da nümayiş etdirdi ki, Yad ünsürlərin, o cümlədən Vardanyanın Qarabağda hökmranlıq etməsinə icazə verməyəcək. Bütün bu nəticələrin əldə olunmasında ekofəalların böyük rolu var”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə