"Ekofəallarımız bizim fəxrimizdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Ekofəalların keçirdiyi aksiyanın səsini əslində hər kəs duyub. Sadəcə özlərini duymamış kimi göstərənlərin sayı kifayət qədər çoxdur. Doğrusu, bunun bizim üçün böyük bir əhəmiyyəti yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, onsuzda 30 ildə Qarabağ, Xocalı, Qaradağlı harayını kimsə duymurdu: “Amma təbii ki, bizim də dünyanın bu duyarsızlığına qarşı etirazımız sonunda ermənilər və onun tərəfini saxlayaraq səsimizi duymayanlar üçün təsirli cavabımız olur. Biz 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə də öz cavabımızı verdik. Ekofəallarımız bizim fəxrimizdir. Onların hər biri ilə qürur duyuruq”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bu aksiyada iştirak edən gənclər erməni tərəfinin ərazilərimizə silah daşımasını tamamilə əngəlləyə biliblər: “Bu gənclər Qarabağda baş verən ekoloji terrorun miqyasını ictimaiyyətə çatdıra biliblər. Ən azından bu barədə bütün dünya məlumatlanıb. Bunu görməzdən gələnlər varmı? Bəli, var. Amma bu bizi narahat etməməlidir. Hər birimiz Azərbaycan vətəndaşı olaraq Qarabağda sülhün, təhlükəsizliyin, ədalətin bərpa olunması üçün əlimizdən gələn köməyi göstərməliyik. Fəallarımız da çox böyük peşəkarlıqla aksiyanı davam etdirirlər. Bildiyiniz kimi, yaxın günlərdə artıq Novruz çərşənbələri başlayır. Mən ekofəallarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirəm, onlara Novruz səmənisinin, tonqalların, Bahar qızı, Keçəl, Kosanın hazırlanması üçün fəaliyyətə keçməyi tövsiyə edirəm”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə