“Minalardan təmizlənmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır“ - POLİTOLOQ DANIŞDI

“44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan Respublikası azad edilmiş ərazilərdə mina təmizlənməsi prosesinə start vermişdir. Müharibə dövründə və ondan əvvəl Ermənistan tərəfindən bu ərazilərdə genişmiqyaslı mina basdırılması faktı əvvəlcədən məlum idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan dövləti hər hansı xarici yardım olmadan, öz milli resursları hesabına mina təmizləmə fəaliyyətini həyata keçirməyə başlamışdır:
“Bu günə qədər minlərlə hektar ərazi minalardan təmizlənsə də, mina təhlükəsi hələ də tam aradan qalxmamışdır.

Statistik məlumatlara əsasən, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 40-dan çox şəxs həlak olmuş, təxminən 250 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu faktlar mina probleminin təkcə hərbi deyil, eyni zamanda ciddi humanitar təhlükə olduğunu bir daha sübut edir.

Kəlbəcər rayonunda aşkar edilən 991 ədəd minanın üzərindəki texniki məlumatlar onların 2021-ci ildə istehsal olunduğunu və mənşə ölkə kimi Ermenistanın gösterildiyini ortaya qoymuşdur. Halbuki, 1999-cu ildə qəbul edilmiş Ottava Konvensiyasına əsasən, piyadaya qarşı minaların istehsalı, istifadəsi, saxlanması və ötürülməsi beynəlxalq hüquqla qadağan edilmişdir. Bu fakt Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu və müharibədən sonra da təxribatçı fəaliyyətini davam etdirdiyini göstərir.

Təəssüf ki, Ermənistan təxminən 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində bərpa və inkişaf işləri aparmaq əvəzinə, milyonlarla mina yerləşdirmişdir. Müharibədən sonra isə beynəlxalq konvensiyalara uyğun olaraq təqdim etməli olduğu mina xəritələrini ya ümumiyyətlə təqdim etməmiş, ya da qəsdən qeyri-dəqiq məlumatlar vermişdir. Aparılan təhlillər göstərir ki, təqdim olunan xəritələrin yalnız 25 faizi real vəziyyəti əks etdirir, 75 faizi isə faktiki olaraq yanlış və yararsızdır. Bu hal mina təmizləmə prosesini çətinləşdirərək insan itkilərinin artmasına səbəb olur.

Mina təhlükəsinin davam etdiyini sübut edən faktlar son dövrlərdə də qeydə alınmışdır. Cari ilin avqust ayında Füzuli rayonunda mina təmizləmə işləri aparan şirkətin üç əməkdaşı partlayış nəticəsində xəsarət almış, eyni dövrdə Kəlbəcər rayonunda hərbi qulluqçu Babək Əliyev mina partlaması nəticəsində şəhid olmuşdur. Həmçinin Ağdam rayonunun Səmədi kəndində mülki şəxs – traktorçu Məlik Məmmədov minaya düşərək xəstəxanaya yerləşdirilmişdir.

Bu faktlar göstərir ki, ərazilərin əhəmiyyətli hissəsi təmizlənsə də, mina riski hələ də yüksək olaraq qalır. Bu baxımdan vətəndaşların təhlükəsizlik qaydalarına ciddi əməl etməsi, yalnız rəsmi şəkildə icazə verilmiş yollarla hərəkət etməsi və təhlükəli zonalara daxil olmaması həyati əhəmiyyət daşıyır.

Bununla yanaşı, mina təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına artıq 50 mindən çox insan köçürülmüşdür və bu proses mərhələli şəkildə davam etdirilir. Həmin ərazilərdə yaşayış binaları, sosial infrastruktur obyektləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, eləcə də sənaye müəssisələri tikilərək istifadəyə verilmişdir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin minalardan təmizlənməsi və bərpası Azərbaycan üçün həm humanitar, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu ərazilərin təhlükəsiz və dayanıqlı inkişafı yaxın gələcəkdə Qarabağ iqtisadi zonasının ölkənin ən inkişaf etmiş regionlarından birinə çevrilməsinə real zəmin yaradır”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə