"Ümumiyyətlə, təkcə Bərdədə yox, 1988-ci ildən etibarən Azərbaycanın kəndləri, şəhərləri və xalqı dəfələrlə erməni terrorunun hədəfinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Onun sözlərinə görə, bu proses Ermənistan ərazisindən başlayıb: "Çoxsaylı dinc sakinlər, o cümlədən uşaqlar öldürülüb, faktiki olaraq terror və qətlə məruz qalıb. Təsəvvür edin, Ermənistanda furqonun içində uşaqları toplayıb qaynaqla bağlayıblar və onları diri-diri yandırıblar. Xocalı faciəsini isə ümumiyyətlə ayrıca qeyd etmək lazımdır, çünki bu hadisə təkcə terror deyil, açıq soyqırımı idi. Qaradağlı hadisəsi, Azərbaycan vertolyotunun vurulması kimi faktlar da bu qəddar siyasətin davamı idi. Bu qəbildən olan ən dəhşətli hadisələrdən biri isə 2020-ci ilin 27 və 28 oktyabr tarixlərində baş verən Bərdə və Tərtər hücumları oldu. Dinc əhalinin yaşadığı ərazilərə atılan bombalar və raketlər nəticəsində Bərdədə 27 nəfər həlak oldu, 80-dən çox insan yaralandı.
Azərbaycan ərazi bütövlüyü uğrunda gedən müharibələrdə – iki Qarabağ savaşında və aralıq dövrdə – 30 mindən artıq əsgərimiz, təxminən 1000-dən çox dinc sakinimiz şəhid olub. Bu, ermənilərin və onların arxasında duran imperialist qüvvələrin, dünya güclərinin əsl simasını göstərən faktlardır. Təəssüf ki, bu ədalətsiz dünyada belə qanlı hadisələr çox vaxt görməzlikdən gəlir. Avropada və ya İsraildə bir nəfərə qarşı hücum olsa, bütün dünya ayağa qalxır, amma bizim xalqımıza, türklərə və İslam dünyasına qarşı törədilən bu qətliamlar qarşısında dünya səssiz qalır. Bütün bunlar bir daha göstərir ki, ədalətsiz dünyada yalnız güc, silah və birliyin yaratdığı iradə təsirli ola bilər. Lakin düşmənin arxasında kim olursa-olsun, Azərbaycan xalqı hər zaman öz torpaqları, dövlətinin bütövlüyü və azadlığı uğrunda cəsur və dəyanətli olub.
Bərdə hadisəsi bu qəhrəmanlığın bariz nümunəsidir. Bərdə və Tərtər illərlə bomba və raket yağışı altında yaşadı, amma sakinləri öz kəndlərini, el-obasını tərk etmədi. Bu hücumların məqsədi insanları qorxutmaq, ölkədə xaos yaratmaq və Azərbaycanı zəiflətmək idi. Ancaq bu baş vermədi. Xalq və dövlət birləşdi, ordumuz qalib gəldi. Allah Bərdə terroru zamanı həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin. Uca Yaradan xalqımızı bir daha belə faciələrlə üz-üzə qoymasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB