"Əhalinin geri qayıdışı üçün bütün zəruri şərait yaradılır"

"Azərbaycanın işğal altında saxlanılan ərazilərində uzun illər boyunca bütün infrastruktur dağıdılmış, dədə-baba yurdlarından didərgin düşən soydaşlarımız çətin şəraitdə yaşamışlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, lakin bütün bu ağır şərtlərə baxmayaraq, Vətənə qayıdış arzusu onların qəlbində daim yaşayıb.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunub. Lakin işğaldan azad olunmaq məsələsi problemin tam həlli deyildi: "Qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərin yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, əhalinin geri dönüşü və dədə-baba yurdlarında yenidən məskunlaşmasına şərait yaradılması idi. Bu istiqamətdə Azərbaycan Prezidenti daxili və xarici imkanlardan səmərəli istifadə edərək, bərpa proqramını uğurla həyata keçirir.

Ölkəmizdə müxtəlif sahələrdə, xüsusilə işğaldan azad olunmuş bölgələrin infrastrukturunun bərpası, soydaşlarımızın geri qayıtması, onların sosial xidmətlərə çıxışının təmin olunması və yeni iş yerlərinin açılması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə bu ərazilərdə beynəlxalq konfranslar keçirilir. Bu tədbirlər Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda bərpa və abadlıq işlərini prioritet kimi qarşıya qoyduğunu dünyaya nümayiş etdirir.

Əhalinin geri qayıtması üçün bütün zəruri şərait yaradılıb. Azərbaycan Prezidenti əsasən daxili imkanlarla bu prosesi həyata keçirir, həmçinin xarici investisiyaların bölgəyə cəlb olunması istiqamətində məqsədyönlü siyasət aparılır. Həyata keçirilən siyasət əhalinin geri dönüşünü təmin etmək və onların layiqli şəraitdə yaşamasını təmin etmək üçün əsaslı addımlardan biridir".

Politoloq qeyd edir ki, işğal dövründə azad olunmuş ərazilərdə çox sayda piyada əleyhinə mina basdırılıb və bu minaların təmizlənməsi hələ də ciddi problem olaraq qalır. Bu, təhlükəli və vaxt aparan prosesdir və bərpa işlərinə maneə törədir. Minaların təmizlənməsi yalnız texniki məsələ deyil, həm də dövlət siyasətinin tərkib hissəsi olaraq vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş mühüm addımdır.

Bərpa prosesləri yüksək səviyyəli əsas planlar və infrastruktur üzərində qurulur. Yeni iş yerlərinin açılması, universitetlərin yaradılması, xaricdə yaşayan həmvətənlərimizin geri dönüşünün təşviqi və Silvan bazarının genişləndirilməsi istiqamətində işlər davam edir. Bu məsələlər bir gündə həll olunacaq deyil, planlı və mərhələli şəkildə icra olunur. Hər bölgədə aparılan işlərin uğurla həyata keçirilməsi nəzərdə tutulur və bu proses sürətlə davam etdiriləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə