"2020-ci ildə 44 günlük Vətən müharibəsində şərəfli günlərdən birinin də şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi erməni işğalından azad edilmişdi". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün Füzuli yenidən qurulur: "2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli” yarımstansiyasının açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına başlanılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə