“Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bu gün özünün 149-cu ildönümünü qeyd edir. Ötən illər ərzində mətbuatımız öz ənənəsinə sadiq qalaraq daim həqiqət axtarışında olub, cəmiyyəti düşündürən problemləri işıqlandırıb, milli dəyərlərin təbliğində, xalqımızın maariflənməsində mühüm rol oynayıb. "Əkinçi” Azərbaycan dilində dərc olunmaqla mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxsa da millətin gələcəyinə işıq saçmağı bacarıb, jurnalistikamızın bayraqdarına çevrilə bilib. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə məşhurlaşıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, Sovetlərin təzyiqlərinə baxmayaraq Azərbaycan mətbuatı öz milli kimliyini qorumağı bacarıb, ictimai-siyasi hadisələri dövrün tələblərinə uyğun olaraq işıqlandırıb: “Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanda KİV-lərin sayı artmağa başlayıb, bu gün ölkədə 5 mindən çox media subyekti var. Azərbaycan mətbuatı bu gün kəmiyyət və keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Mətbuat Şurası yaradılıb, "Mətbuat haqqında" qanun qəbul edilib. Mətbuata dövlət qayğısı Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bütün dövrlərdə göstərilib, mətbuat işçiləri ilə mütəmadi görüşlər keçirilib, “mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamdan irəli gələn məsələlər öz həllini tapıb, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının bariz nümunəsidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Azərbaycan jurnalistlərimizin fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə həqiqətləri çatdırılıb, ermənilərin törədiyi hərbi cinayətlər ifşa edilib. Xeyli jurnalist Vətən müharibəsinin iştirakçısı olub, müxtəlif dövlət mükafatları ilə təltif ediliblər. Konstitusiyamızda söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması Azərbaycanda medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə