“Böyük Qayıdış proqramı fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq işğaldan azad olunmuş ərazilərimizə köç prosesi həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bir çox məsələlər əsaslı şəkildə öz həllini tapır. İlk növbədə həmin ərazilərdə kommunikasiyaların qurulması, yəni yolların, enerji xətlərinin çəkilməsi həyatın yenidən bərpa olması üçün hazırlıq işlərinin birinci etabıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, evlərin tikilməsi prosesi də geniş vüsət alıb və sürətlə davam edir: “İnsanlar artıq yeni bir şəhərə qayıdırlar. Ermənilər hər nə qədər şəhərlərimizi, torpaqlarımızı Yer üzündən silməyə çalışsalar da, bu mümkünsüzdür. Çünki Azərbaycan xalqı hər zaman torpağına bağlı olub. Biz ölkə liderinin rəhbərliyi altında yenidən qurduğumuz şəhərlərimizi müasir standartlara uyğunlaşdırırıq.
Köç prosesi də mərhələli şəkildə həyata keçirilir. Nəzərə almalıyıq ki, şəhərlərin yenidən qurulması, bərpası asan iş deyil. Bu həm böyük investisiya tələb edir, digər tərəfdən isə quruculuq prosesi özü-özlüyündə olduqca çətin prosesdir. Buna görə də əhali də öz dəstəyini göstərməli və səbrlə köç prosesini gözləməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə