“Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra əsas hədəflərdən biri dağıdılmış, yerlə-yeksan edilmiş yaşayış məskənlərinin sürətli və keyfiyyətli şəkildə bərpa edərək, insanlarımızın köçünü təmin etmək idi. Ötən müddət ərzində Azərbaycan dövləti məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında qısa müddət ərzində çox sürətli tikinti, bərpa-quruculuq işləri həyata keçirməyə başladı. Qısa müddət ərzində Qarabağa həyat qayıtdı, yaşayış məskənlərimiz bərpa olundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, geri qayıdış prosesinin iştirakçısı olan, dədə-baba yurdlarımıza geri qayıdan insanların yaşayışının təmin edilməsi üçün iş yerləri və zəruri infrastruktur müasir tələblərə uyğun şəkildə quruldu: “Qısa zamanda 100 kilometrlərlə yeni yollar çəkildi, elektrik-qaz xətləri formalaşdırıldı. Bir neçə beynəlxalq hava limanı tikilərək istifadəyə verildi. Bunun nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzurda insanlarımızın sürətli köçü prosesi başladı. Artıq Böyük Qayıdışın ilk mərhələsi çox böyük inamla və əzmlə davam etdirilir. Bir neçə yaşayış məskənimizə artıq minlərlə keçmiş məcburi köçkünlərimizin geri qayıdışı təmin edilib. Demək olar ki, hər həftə Qarabağa çox sayda ailələrin köçü həyata keçirilir. Bu bir daha göstərir ki, dövlətimiz bütün imkanlarını səfərbər edərək əsas prioritetimiz olan Qarabağın yenidənqurulmasını təmin edir. Qarabağ və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi, Azərbaycan iqtisadiyyatına inteqrasiyası növbəti dövrlərdə ölkə iqtisadiyyatına ciddi töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə