“Zaman gəldikcə bütün məsələlər öz həllini tapacaq” - DEPUTAT DANIŞDI

“İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi plana uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə dövlət başçımız Böyük Qayıdışa dair Dövlət Proqramı imzalamışdır. Proqrama əsasən 2026-cı ilin sonuna qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 160 min keçmiş məcburi köçkün qaytarılacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, bu ilin sonuna qədər isə 20 min nəfərin öz doğma yurdlarına qaytarılması nəzərdə tutulmuşdur: “İşlər yüksək keyfiyyətlə və sürətlə icra olunur. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi uğurla davam etdirlir. Belə ki, 28 mayda Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva Xocalıya qayıtmış ilk sakinləri ilə görüş keçirdi. Bu il Şuşaya, Laçına və digər rayonlara da keçmiş məcburi köçkünlər qayıdırlar. Hər keçən gün yeni yaşayış məntəqələri ərsəyə gəlir və yeni köç edənləri müşahidə edirik. Azərbaycan artıq öz ərazilərində suverenliyini təmin etmişdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və digər məsələləri də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mərhələli şəkildə uğurla icra olunacaqdır. Bizim qarşımızda mane ancaq zamandır. Zaman gəldikcə bütün məsələlər öz həllini tapacaq, ölkəmiz daha inkişaf edəcək və çiçəklənəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə