“Həyata keçirilən abadlıq işləri hər bir Azərbaycan vətəndaşını sevindirir” - ŞƏRH EDİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müstəqillik günündə regionlara səfər etməsi, Ağdam rayonu və Xocalı şəhərində olmaları qürurvericidir, eyni zamanda rəmzi məna daşıyır. Ölkə başçısı bir daha dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlətdir, suverenliyini tam bərpa edib, torpaqları işğaldan azaddır və müstəqil siyasət yürüdür. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq, tikinti və abadlıq işləri hər bir Azərbaycan vətəndaşını sevindirir. Görülən işlər gələcək inkişafımız, insanların öz ata-baba yurdlarına vaxtında qayıtması, orada həyatın canlanması baxımından çox vacib və əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, ölkəmizin rəhbəri insanlara qayğısını, məhəbbətini, torpağa bağlılığını əməli işləri ilə həyata keçirir: “Bayram günündə Xocalıda olmaq, vətəndaşlarla görüşmək onların ağrılarına bir daha məlhəm olmaq, sevinclərinə şərik olmaqdır.

Cənab Prezident Xocalıda vətəndaşlarla görüşü zamanı bir daha bildirdi ki, torpaqlarımız heç vaxt işğal altına düşməyəcək və biz qüdrətimiz, öz səylərimizlə Azərbaycanın daha yaxşı gələcəyini təmin edəcəyik. Ölkəmizin rəhbəri öz sevincini Xocalı sakinləri ilə bölüşərək bildirdi ki, biz Xocalının işğaldan azad olunması gününü gözləyirdik, gün gələcək Xocalıda görüşəcəyimizi bilirdim. Bu böyük bir iftixardır, qürurverici ifadələrdir. Bu gün nəinki xocalılar, bütün Azərbaycan xalqı, türk dünyası qələbələrimizlə, Prezidentimizin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasətlə fəxr edir və Azərbaycanın xoşbəxt gələcəyinə inanır.

Dövlət başçısı və Mehriban Əliyeva Xocalı sakinləri ilə səmimi söhbət etdilər. Bu söhbətlərin əsasında Xocalının gələcək inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizin qüdrəti və vətəndaşların birliyi dayanır. Cənab Prezident Xocalı şəhərində çoxmərtəbəli binaların təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış oldu və öz ifadələrində bir daha insanlara yeni ümid, inam bəxş etdi. Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən geniş söz açdı.

Prezidentimizin Ağdama səfəri və burada bir çox kəndlərin təməlinin qoyulması gələcək uğurlardan xəbər verir. Ölkə rəhbəri Tağıbəyli, Güllücə, Nəmirli, Sultanlı kəndlərinin əsasını qoydu və bu kəndlərin yenidənqurulması, tikilməsi Ağdam sakinlərinin ərazilərə vaxtından əvvəl qayıtmasına ümidlər verir. Çünki həmin kəndlər müasir üslubda inşa ediləcək və dövlət başçısı bunu dəfələrlə qeyd edib. Hər bir kənddə məktəb, uşaq bağçası, tibb məntəqləri, kitabxanalar, inzibati binaların, parkların, idman meydançalarının olması nəzərdə tutulub. Əlbəttə ki, bu müasirlik, inkişafdır. Dövlət başçısı özünün çağırışları, həyata keçirdiyi tədbirlər və səsləndirdiyi fikirlərlə Azərbaycanı inkişaf etdirmək üçün bütün səylərini ortaya qoyub. Prezident İlham Əliyevin bildirdiyi kimi, işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi bu gün real işlərdə özünü aydın göstərir. Xocalı şəhərinə və Ağdama səfərlər bunun bariz nümunəsidir.

Biz bu gün sevinirik ki, artıq işğaldan azad olunmuş kənd və şəhərlərimizə köç başlayıb. Artıq Xocalıya 24 ailə 88 nəfər köç edib. Burada 44 ailənin məskunlaşması təmin olunub. Eləcə də Füzuli, Zəngilan, Laçında artıq həyat öz axarına düşüb. Bu uğurlar ölkə rəhbərinin möhkəm iradəsinə, xalqımızın birliyinə və dövlətimizin qüdrətinə arxalanır. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizlik tədbirləri tezliklə başa çatacaq və bütün kəndlər öz sakinlərini qarşılayacaq.

Dövlət başçısı verdiyi vədi əməlləri ilə həyata keçirir. O, özünün ad günlərini dəbdəbəli şəkildə qeyd etməkdən uzaqdır. Ölkə rəhbəri 50 yaşını Ağcabədidə qaçqın düşərgəsində Laçın sakinləri, sonrakı yubileyini azad olunmuş Şuşada qeyd etdi. Əlbəttə ki, bu xalqa, torpağa ən böyük məhəbbət və sədaqətin göstəricisidir. Dövlət rəhbəri Xocalıda olarkən bir daha özünün arzularını, istəklərini bəyan etdi. Biz qələbələrimizlə bütün dünyaya öz sözümüzü deyib, bütün dünyaya göstərmişik ki, həqiqətən də Ermənistan təcavüzkar dövlətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə