"Aparılan işlər planlı və sistemlidir" - ŞƏRH EDİLDİ

“İşğaldan azad edilmiş ərazilərimizdə aparılan işlər planlı və sistemlidir. Bu onu göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə dirçəliş işlərinə dair aydın və konkret planlar var. Son günlərdə Ağdamın bir neçə kəndinin təməlinin qoyulması, Xocalıya sakinlərin köçürülməsi, infrastruktur layihələrinin əsasının qoyulması deyilənləri göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Qarabağ Universitetinin yaradılması isə bu regiona yeni nəfəs verəcək: “Elm, təhsil və mədəniyyətimiz işğaldan azad olunmuş ərazilərə yenidən qayıdır. Cənab Prezidentimizin səfərləri onu göstərir ki, görülən bütün işlər nəzarət altındadır, ardıcıl surətdə aparılır.

Ölkə başçısının Xocalıya səfəri, orada bir çox açılışlarda iştirak etməsi və söylədikləri xüsusi əhəmiyyət daşıyır. Diqqəti cəlb edən məqam isə odur ki, dövlət başçımız Xocalıda soyqırımı abidəsinin tikilməsini daim planlaşdırdığını bildirdi. Bu eyni zamanda böyük inamdan irəli gəlir və dövlət başçısı inanırdı ki, torpaqları işğaldan azad edəcək, Xocalıda soyqırımı kompleksinin təməlini qoyacaq. Bu da məhz fevral ayında ölkə rəhbəri tərəfindən gerçəkləşdirildi.

Məsələnin digər tərəfi Xocalıda Ermənistanın törətdiyi soyqırımla bağlı Ermənistan rəhbərliyinin üzr istəməsi məsələsidir. Dövlət başçısı açıq şəkildə söylədi ki, Ermənistan törədilmiş soyqırıma görə üzr istəməlidir. Çünki törətdiyi bəşəri cinayətdir, insanlığa və bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Dövlət başçımızın Xocalıda söylədikləri prinsipial əhəmiyyət daşıyır, eyni zamanda gələcəyimizə işıq tutur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə