“Yaşadığımız hisləri sözlə ifadə etmək çox çətindir” - SORĞU

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. SİA Laçına qayıdan rayon sakinlərinin təəssüratlarını öyrənib:

Laçın rayon sakini Elxan Qəhrəmanov:
“Bu gün uzun illərdən sonra Laçına geri qayıdırıq. Torpaqlarımızın işğaldan azad olunması ilə yenidən sevinc hissi yaşaya bildik. Bu yolda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.
Düşünürəm ki, bundan sonra həyat bizim üçün daha gözəl olacaq. Biz öz dədə-baba yurdumuza qayıdırıq və orada yaşamağımız üçün çox gözəl şərait yaradılıb. Bütün bunlara görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”.

Laçın rayon sakini Qiymət Zülfüqarova: “Azərbaycanın hər yeri Vətəndir, doğmadır. Amma insanın doğulub, böyüdüyü yer hər zaman daha əziz olur. Bu gün biz yenidən öz yurdumuza qayıdırıq, yaşadığımız sevinc hissinin həddi-hüdudu yoxdur. Bütün məcburi köçkünlərə bu hisləri yaşamağı arzu edirəm. Laçından çıxdıqdan sonra ilk dəfə bu gün gedirəm. Buna görə də sevinc, həyəcanım daha çoxdur.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, Prezidentimizə can sağlığı versin. Bundan sonrakı nəsillər çətin günlər yaşamasın”.

Laçın rayon sakini Tofiq Zülfüqarov:
“Bu gün sevincimizin həddi hüdudu yoxdur. Otuz üç il əvvəl bu gün gördüyünüz camaatın əksəriyyəti Laçından gözü yaşlı çıxmışdı. Bu gün isə göz yaşları sevincdəndir, uzun illərdən sonra biz yenidən öz doğma torpağımızda xoşbəxt günlər yaşayacağıq. Allah dövlətimizi var etsin, şəhidlərimizin qəbri nurla dolsun”.

Laçın rayon sakini Afət Vəliyeva:
“Bu gün çox sevincli, həyəcanlıyıq. İnsanın öz doğulub, böyüdüyü yerdən uzaq düşməsi çox çətindir. Amma biz bu çətin günləri geridə qoyduq. Artıq bizi daha gözəl günlər gözləyir. Öz torpağımıza qayıdırıq və orada bizim üçün hər bir şərait yaradılıb. Buna görə başda ölkə başçısı olmaqla əməyi keçən hər kəsə təşəkkür edirik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

Laçın rayon sakini Sürəyya Ağayeva:
“Bu günləri bizə yaşadan, bizi torpaqlarımıza qovuşduran şəhidlərimizə Allah rəhmət etsin. Allah Ali Baş Komandana, qazilərimizə can sağlığı versin.
Laçında günlərimiz çox gözəl idi, burada isə kədərli. Çünki Vətən, insanın torpağı çox əziz olur. Öz torpağından ayrı düşmək isə xoş gündə də adamı kədərləndirir.
Laçından yoldaşım, övladlarımla çıxmışdıq. Bu gün isə yoldaşım dünyasını dəyişdiyi üçün övladlarımla birgə torpağımıza qayıdırıq”.

Laçın rayon sakini Yaşar Həsənov:
“Allah dövlətimizi, Prezidentimizi qorusun. Torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Biz onların sayəsində bu gün öz yurdumuza qayıdırıq. Yaşadığımız hisləri sözlə demək çox çətindir. Laçında bizi xoş günlərin gözlədiyindən əminəm”.

Laçın rayon sakini Pərvanə Novruzova: “Mən Laçın rayonundan çıxanda səkkizinci sinifdə oxuyurdum. Orada az yaşamağıma baxmayaraq, çox xoş xatirələrim var. Bu gün isə uzun illərdən sonra yenidən Laçına qayıdırıq və orada yenidən xoş günlər yaşayacağıq. Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. Onların sayəsində bu günümüzə hər gün şükür edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə