“Yuxumuza belə girməyən hadisə bu gün reallaşır” - SORĞU

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

Laçın sakinləri öz təəssüratlarını SİA ilə bölüşüb:

Laçın sakini Kamil Nəzərov:
“Bu gün Laçına qayıdırıq, 30 illik həsrətimizə son qoyulur. Yuxumuza belə girməyən hadisə bu gün reallaşır. Allah Ali Baş Komandanı, ordumuzu qorusun, şəhidlərimizə rəhmət etsin. Özümü çox xoşbəxt hiss edirəm, böyük qürurla yurduma qayıdıram. Yuxularımız çin olub, öz elimizə qayıdırıq”.

Laçın sakini Xədicə Əhmədova:

“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun ki, bizi öz vətənimizə qaytardı. Laçından 35 yaşımda yoldaşımla, uşaqlarımla birgə çıxmışdım. Bura da bizim Vətənimizdir, amma insanın doğulub, böyüdüyü yer başqadır”.

Laçin sakini Sevgiladə Məmmədova:

“Bizə bu sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin siyasəti, cəsur, mərd oğullarımızın igidliyi nəticəsində öz torpaqlarımızı qazandıq, suverenliyimiz bərpa olundu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Laçın sakini Solmaz Topaq:

“Bu gün anamı öz doğma yurduna yola salıram. Allah şəhidlərimizə rəhmət etsin, Prezidentimizə, qazilərimizə cansağlığı versin. Biz torpaqlarımıza qayıtmalıyıq, çünki orada şəhidlərimizin ruhu var”.

Laçın sakini Fuad Ağalarbəyli:

“Bu gün el-obamıza qayıtdığımız üçün çox sevinirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin, xalqımızı qorusun. Laçından çıxanda uşaq olmuşuq, bu gün isə öz övladlarımızla birlikdə geri dönürük”.

Laçın sakini Kazım Cabbarov:

“Allah el-obamızı qorusun. Həyəcanlıyıq, çox sevincliyik. Sevincimdən nə deyəcəyimi bilmirəm. Allah bizə bu sevinci yaşadan şəhidlərimizə rəhmət etsin, qazilərimizi, Ali Baş Komandanı qorusun”.

Bütün xəbərlər Facebook səhifəmizdə