“İşğaldan azad olunmuş torpaqlarımıza yenidən həyat qayıdır” - ŞƏRH EDİLDİ

“44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı üç il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq həmin torpaqlara həyat qayıdır. Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Bundan sonra Talış kəndinə, Laçın şəhərinə bir qrup əhali köçürüldü. Eləcə də, Füzuli şəhərinin sakinləri də qayıdışın sevincini yaşamaqdadırlar. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir.

Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunmasına güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır.

“Bilirsiniz ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı işləri cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı uğurla icra etməkdədir. Onu da qeyd etməliyəm ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Azərbaycan bu işləri kənardan heç bir yardım olmadan, öz gücü ilə həyata keçirir. Hər il bu məqsədlə milyardlarla manat vəsait ayrılır. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə imkan verir. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə öz töhfələrini verməkdədir. Qarabağ Dirçəliş Fondu yarandığı vaxtdan indiyə qədər bir sıra önəmli layihələr, təqdimatlar həyata keçirib. Hazırda azad edilmiş bölgələrdə quruculuq-bərpa işlərində dost ölkələrin, xüsusilə qardaş Türkiyənin şirkətləri də fəal iştirak edirlər. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri təkcə dövlət qurumlarının vəzifəsi olmamalıdır. Düşünürəm ki, Qarabağın dirçəlişi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biridir. Ona görə də, bu prosesdə bütövlükdə cəmiyyətimiz fəal olmalıdır. Biz qəti əminik ki, Azərbaycan dövləti və xalqı işğalçı erməni vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini –tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ və Şərqi Zəngəzur yenidən Vətənimizin ən inkişaf etmiş dilbər guşələrindn birinə çevriləcək”,-deyə Fatma Yıldırım vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə