“Füzulidən çıxanda oğlum 6 aylıq idi” - SORĞU

Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Belə ki, Füzuli şəhərinə bugünkü köç karvanı ilə 25 ailə - 80 nəfər köçürülüb. SİA Füzuli sakinlərinin təəssüratlarını öyrənib:

Füzuli sakini Cəmil Abbasov: “Köç prosesi başlayandan bəri qohumlarımızı yolmaq salmaq üçün tez-tez bura gəlirdim. Bu gün isə sevincimin həddi hüdudu yoxdur, çünki özüm doğma el-obama gedirəm. Ailəm oradadır, mən isə oğlumla birlikdə onların yanına gedirəm. Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin, şəhidlərimizin qəbri nurla dolsun. Biz onların sayəsində bu gün öz torpaqlarımıza qayıda bilirik”.

Füzuli sakini Zakir İbayev: “Bu gün ən sevincli günümüzü yaşayırıq. Bizim bu sevincimizə səbəb olan Ali Baş Komandan, qazilərimiz var olsun, şəhidlərimizə Allah rəhmət etsin. Füzulidən 39 yaşımda çıxmışdım, 70 yaşımda geri qayıdıram. Ailəmlə, sevdiklərimlə birgə doğma el-obamıza qovuşuruq”.

Füzuli sakini Mübariz Babayev: “Mən çox sevinirəm ki, bu gün doğma elimə, Füzuliyə gedirəm. Dövlətimizlə, xalqımızla fəxr edirəm. Biz 30 ildir ki, torpaqlarımızın həsrətini çəkirdik, bu gün isə el-obamıza geri dönürük. Prezidentimiz və qazilərimizə can sağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm. Xalqımıza daim xoşbəxt günlər arzu edirəm”.

Füzuli sakini Züleyxa Həsənova: “Füzulidən 24 yaşımda, yoldaşımla çıxmışdım. Füzulidən çıxanda oğlum 6 aylıq idi. İndi isə yenidən öz doğma yurduma övladım, nəvələrimlə birgə geri dönürəm. Allah şəhidlərimizə rəhmət etsin, cənab Prezident və qazilərimizə isə can sağlığı arzu edirəm”.

Füzuli sakini Hüseyn İbrahimli: “Mənim 20 yaşım var, Füzulini görməmişəm. Amma hər zaman Füzulini görə bilmək həsrəti ilə yaşamışam. Buna görə də bu gün Füzuliyə getməyimiz mənim həyatımın ən sevincli günlərindən biri kimi yaddaşıma iz qoyacaq”.

Füzuli sakini İlay Quluzadə: “Mən Füzuliyə getmək üçün çox həvəsliyəm. Füzulini görməsəm də, çox sevirəm. Füzulidə ilk evimizi, sonra isə gəzib-görməli bütün guşələrini görmək istəyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə