“Bu torpaqların sahibi Azərbaycan xalqıdır və həmişə belə olacaq!” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq birlik gördü ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir. Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran milli məqsədləri reallaşdırmaqdadır. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən möhtəşəm quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı xüsusi vurğulanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər “Böyük Qayıdış”ın yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir: “Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bəli, bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Həmin regionlarda yaşayan insanların rahatlığının təmini üçün bütün qurumlar güclərini səfərbər ediblər.

Millət vəkilinin sözlərinə görə, hazırda Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. İşğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Artıq azad olunmuş şəhərlərin Baş planları hazırlanıb”.

Pərvin Kərimzadə azad olunmuş ərazilərə Böyük Qayıdışın başladığını diqqətə çatdırıb: “Ötən il Zəngilan rayonunun Ağalı kəndinə qayıdış baş tutdu. Bu, Böyük Qayıdışın ilk müjdəsi idi. Bu il isə Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə qayıdış baş tutub. Proses davam edir. Prezident İlham Əliyev digər şəhərlərin, eləcə də, 30-dan çox kəndin təməlini atıb. Bütövlükdə, I Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək azad edilmiş ərazilərə 34 min 500 ailə köçürülməlidir. Bu da təxminən 140-150 min nəfər edir. Bir sözlə, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir. Ərazilərin bərpası iqtisadi potensialımızı gücləndirməklə yanaşı bütün dünyaya göstərir ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır və həmişə belə olacaq!”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə