"Qarabağda işlər tamamilə Azərbaycan maliyyəsinin hesabına aparılır" - DEPUTAT DANIŞDI

"İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri Böyük Qayıdış proqramı əsasında həyata keçirilir. Bu dövlətin tərtib etdiyi çoxillik geniş proqramdır. Böyük Qayıdış proqramına infrastruktur layihələri, yaşayış binalarının tikintisi, iş yerlərinin açılması və ərazilərin minalardan təmizlənərək, təhlükəsiz həyat şəraitinin yaradılması daxildir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, büdcədən təxminən 6 milyard manata qədər Qarabağın yenidən dirçəldilməsi üçün pul ayrılıb: "Bu kifayət qədər yüksək rəqəmdir. Görülən işlər heyranedicidir, burada Azərbaycan şirkətləri ilə yanaşı Türkiyə şirkətləri də iştirak edir. Amma bütün işlər Azərbaycanın öz maliyyəsi hesabına həyata keçirilir. 2027-ci ilə qədər 160 min insanın işğaldan azad edilmiş ərazilərdə yaşamağa başlayacaq. Artıq köç prosesi başlayıb. Laçında 1100 nəfər məskunlaşıb. Eyni zamanda digər ərazilərdə də məskunlaşma prosesi davam etdirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirdiyi yenidənqurma və bərpa işləri dünyada heyranlıqla izlənilir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə