"Biz həmin torpaqların sahibiyik" - SOSİOLOQ FİKİR BİLDİRDİ

"İşğaldan azad edilmiş ərazilərə köç prosesinin başlaması bütün dünyaya göstərir ki, biz həmin torpaqların sahibiyik və ərazilərimizin dağıdılmış vəziyyətdə qalmasına imkan vermərik. Ermənilər üçün isə həmin ərazilər yad torpağı olduğundan talan edib, viran qoyurdular. Digər tərəfdən biz işğaldan azad edilmiş ərazilərin münbit torpağında əkin-biçinlə məşğul olaraq iqtisadi potensialımızı artıracağıq. Eyni zamanda bu sahədə orada böyük, yeni iş yerləri açılır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmaqla həm də düşmənə göz dağı vermiş oluruq: "Bununla da düşmən bir daha həmin ərazilərə göz dikməyə cürət etməyəcək. Dünyada Azərbaycanı sevib, onun yanında olan bütün dövlətlər bizlə birgə qələbəmizə sevinir. Burada türkdilli dövlətlər isə xüsusilə seçilirlər. Lakin uğurumuzu qısqanan və bölgədə öz hakimiyyətini təmin etməyə çalışan dövlətlər də mövcuddur. Bütün bunlar artıq bizim üçün böyük bir təhlükə doğurmur. Təbii ki, xoşagəlməz haldır, lakin bu cür mənfiliklərin olması da dünya nizamının təbiətində var. Azərbaycan düşünülmüş siyasəti nəticəsində daha da irəliləyir və gün keçdikcə beynəlxalq nüfuzu artır. Bunun nəticəsində də Azərbaycanı gözü götürməyənlər belə yeni reallıqlarla barışmağa məcbur olur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə