Kəlbəcər sakinləri həsrətin sona çatdığına inana bilmirlər- Aqil Şirinov

Kəlbəcər 2020-ci il noyabrın 25-i Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Ölkə Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama görə, bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

"Kəlbəcər sakinləri özlərini yuxuda imiş kimi hiss edirlər. Kəlbəcərin geri qaytarılmasına hələ də inana bilmirik" deyərək sözə başlayan əslən kəlbəcərli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov öz doğma vətəni haqqında SİA-ya açıqlama verib.

A.Şirinov öncə Kəlbəcərin işğalı haqqında məlumat verib: "Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən biridir. Həm təbii sərvətlərinə görə, eyni zamanda flora və faunasına görə çox zəngin bir məkandır. Təəssüf ki, biz belə gözəl məkanın 27 ildir ki, həsrətində idik. 1993-cü ildə Kəlbəcər rayonu işğal edilib. 2020-ci ilə qədər işğal altında qalıb. Ermənilər Kəlbəcəri işğalda saxladıqları ilə qalmayıb oranın bütün sərvətlərini taladılar. Evləri dağıdıb yandıraraq, bir qismində özləri yaşadılar. Halbuki, Kəlbəcərdə bir erməni ailəsi belə mövcud olmamışdı. 27 il ərzində Kəlbəcərdə yaşayıb oradan çıxarkən bizə məxsus evləri, əraziləri yandırıb ağacları kəsdilər. Sonda təbiətə zərər vuraraq köçdülər. Ali Baş Komandanın başçılığı ilə Kəlbəcər 2020-ci ildə digər torpaqlarımızla yanaşı Kəlbəcər də azad edildi".

Müsahib doğma vətəninə olan həsrəti bitərkən hiss etdiyi sevinc, fərəh hissini bölüşüb: "Kəlbəcər azad olunanda hər bir azərbaycanlı hansı hissləri keçirirsə, həmin hissləri keçirdik, sevinc, fərəh, şərəf ehtiram..

Bu ehtiram hissi Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə qarşı idi.

Kəlbəcərin əsarətdə qaldığı dövrdə bütün kəlbəcərlilər, həmin yerlə bağlı tədbirlərdə öz istəklərini dilə gətirirdilər ki, gələcək illərdə bu cür layihələr Kəlbəcərdə keçirilsin. Bu ümid deyil, gerçək idi. Biz buna inanırdıq ki, güclü dövlətimiz, ordumuz sayəsində biz oraya qayıdacağıq. Dünyadakı böyük güclərin Qarabağ torpaqlarına qovuşacağımıza mane olacaqlarını düşünürdük. Bütün bu manelər şükürlər olsun ki, aşılıb".

Həmsöhbətçimiz Kəlbəcərdə aparılan quruculuq işlərindən söz açıb: "Bu gün azad Kəlbəcər qurulur, azad Kəlbəcərdə quruculuq işləri aparılır. Ermənilər tərəfindən viran edilmiş bu şəhər Azərbaycanın ən gözəl şəhərlərindən birinə çeviriləcək. 2024-cü ildən etibarən Kəlbəcərə ilk köç başlayacaq. 500 ailənin oraya köçürülməsi nəzərdə tutulur. Gələcəkdə isə bu ailələrin sayı artırılacaq. Kəlbəcərlə yanaşı Zallar, Zar, Yanşaq kənləri də yenidən bərpa olunur. Bununla yanaşı İsti su qəsəbəsində dağıdılmış sanatoriya yenidən inşa edilir. İsti-mineral suyu süfrələrimizə daşıyacaq zavod tikilir, yeni yollar salınır. Dünyanın ən böyük tunellərindən biri olacaq, tunel çəkilir. Anti-terror əməliyyatları zamanı Ağdərə yolu da açıldı, bu yol vasitəsilə Kəlbəcərə getmək artıq mümkündür. Nəticədə Kəlbəcərdə quruculuq işləri daha da sürətlənir. Əminəm ki, Kəlbəcər Azərbaycanın ən müasir şəhərlərindən birinə çeviriləcək.".

Aqil Şirinov sonda bildirir ki: "Xəyalımıza belə gətirə bilmirdik ki, Kəlbəcər həsrəti bitər, ora azad olunar, orada quruculuq işləri aparılar..Bütün bu xəyallar Ali Baş Komandanın siyasəti, ordumuzun səyi nəticəsində gerçək oldu. Bütün kəlbəcərlilər onlara minnətdardır. Digər kəlbəcərlilər kimi mən də arzu edirəm ki, ora yenidən qurulsun, bütün zəfər günlərimizi, tədbirlərimizi doğma Kəlbəcərimizdə keçirək".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə