“İlk atamın qəbrini ziyarət edəcəm” - SORĞU

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bu gün Laçın şəhərinə daha 10 ailə, ümumilikdə isə 40 nəfər köçürülür.

SİA olaraq öz el-obalarına geri dönən Laçın sakinlərinin təəssüratlarını öyrəndik:

Laçın sakini İmarə Rüstəmova: “Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində Vətənə qayıdırıq. Düzdür, Azərbaycanın hər bir guşəsi bizim üçün şirindir, əzizdir. Prezident İlham Əliyevə bizə yaratdığı şərait üçün minnətdarıq.

Mən Laçından 40 yaşında çıxmışam, 70 yaşında geri qayıdıram. Dövlətimizin sayəsində el-obamıza yenidən qayıdırıq”.

Laçın sakini Rüstəm Rüstəmov: "Ali Baş Komandanımıza minnətdaram, şəhidlərimizin qarşısında baş əyirəm. Müzəffər ordumuz sərhədlərimizi qoruyurlar və biz də yenidən öz torpaqlarımızda yaşamağa gedirik.

Laçının gözəl təbiəti, mineral suları var. Laçının sərvəti çoxdur, mədən yataqları mövcuddur. Biz Laçından 6 nəfər çıxmışdıq, indi isə 10 nəfərdən çox ailə üzvü ilə geri dönürük. İlk atamın qəbrini, sonra isə Laçının görməli yerlərini gəzəcəm”.

Laçın sakini Sahibə Əliyeva: “Laçın bizim ruhumuzdur. Çox şükür ki, bu gün yurdumuza geri dönürük. Buna görə də sevincimizin həddi-hüdudu yoxdur. Mən uzun müddət Laçında müəllim işləmişəm. İndi isə təqaüdə çıxmışam və yurduma geri dönüb, dincələcəyəm”.

Laçın sakini Rahilə Cabbarova: “Laçından uşaqlarım körpə olanda çıxmışam. İndi isə nəvələrim, gəlinimlə geri dönürəm. Vətənimə, el-obama geri döndüyüm üçün çox sevincliyəm.

Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. Allah bütün əsgərlərimizi qorusun, hər biri evlərinə sağ-salamaq qayıtsın”.

Laçın sakini Asif Baxışov: "Mən 47 yaşımda Laçından çıxmışam. Laçın işğaldan azad olunduqdan sonra iki dəfə oranı ziyarət etmişəm. Hər zaman orada olarkən hər santimetrdə şəhidlərimizin qanı olduğunu xatırlamışam. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin canı sağ olsun.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində bu gün firəvan şəkildə öz elimizə, evimizə qayıdırıq”.

Laçın sakini Güladə Tağıyevə: “31 ildən sonra göz açdığım yurduma qayıtmaq qürurvericidir. Ali Baş Komandana təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Mən Laçından 6 yaşımda, ailəmlə çıxmışam. İndi isə valideynlərimizi öz el-obalarına aparır, doğma yurdumuza gedirik”.

Laçın sakini Səfər Əliyev: “Sevincimin həddi-hüdudu yoxdur. Çünki doğulub, böyüdüyüm Laçına geri qayıdıram. Laçından 9 yaşımda çıxmışdım, indi isə 40 yaşımda yenidən öz torpağıma geri dönürəm. Həm sevincli, həm də kədərliyəm. Çünki mən Laçından ailəmlə çıxmışdım, bu gün isə valideynlərimsiz qayıdıram”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə