Pasportsuz yaşayan qadın 55 yaşında pasport alıb...

...Proletariatın dahi rəhbəri Vladimir İliç Leninlə bağlı film var: “Pasportsuz adam”, tamaşa eləməmisiniz?..

Yox, indi bu film haqqında danışmayacağıq.

Deməli, Rusiyanın Perm diyarında heç vaxt rəsmi sənədləri olmayan bir qadın nəhayət ki, 55 yaşında pasport əldə edə bilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Permli qadınının anası uşaqlıqda onun üçün doğum haqqında şəhadətnamə ala bilməyib.

Və bu səbəbdən o, uşaq bağçasına getməyib və yetkinlik yaşına çatdıqdan sonra pasport ala bilməyib.

18 yaşına qədər qadın Kazan şəhərətrafı ərazilərində yaşayıb, sonra Permə köçüb.

Pasportunun olmaması onu dövlət üçün "görünməz" edib. O, sosial yardım, pensiya tələb edə və hətta həkimə yazıla bilməyib.

Və bu arada bundan xəbər tutan ombudsman aparatının əməkdaşları qadına sənədlərin hazırlanmasında kömək edib və onu məhkəmədə təmsil ediblər.

Hakim onun doğumunun hüquqi faktını müəyyən edib və ilk doğum haqqında şəhadətnaməsini almaq hüququnu tanıyıb. Maraqlıdır ki, məhkəmənin qərarını eşidən qadın huşunu itirib və ağlayıb.

Bundan sonra nəhayət pasport alıb və tamhüquqlu vətəndaş olub...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə