114 yaşlı marafonçunu maşın vurub

...Dünyanın ən yaşlı marafonçusu Fauc Sinqh Hindistanda dünyasını dəyişib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun 114 yaşı var idi. Sinqh evinin yaxınlığında yolu keçərkən avtomobil tərəfindən vurulub. İdmançı xəstəxanaya aparılsa da, aldığı xəsarətlər ölümcül olub.

Polis qəzanın səbəbkarını axtarmağa başlayıb.

Sinqhin 1911-ci ildə Hindistanda doğulduğu güman edilir. O, 5 yaşına qədər ayaqlarında zəiflik səbəbindən yeriyə bilmirmiş və uzun illər qaçmağı ağlına belə gətirmirdi.

O, yalnız 89 yaşında marafonlara aşiq olub.

Həmin vaxt o, həyat yoldaşını və oğlunu itirib və Londona köçüb.

...Qaçmaq mənə xeyirxahlıq göstərdi və məni həyata qaytardı, bütün travmalarımı və kədərlərimi unutdurdu.

Bunu deyən Sinq ilk marafonunu 2000-ci ildə keçirib.

Üç il sonra o, 5 saat 40 dəqiqəlik şəxsi rekorda imza atıb. 2011-ci ildə o, tarixdə marafon qaçan ilk yüzillik yaşına çatıb. 2012-ci ildə Sinqha London Olimpiadasında məşəl daşımaq şərəfi verildi.

Bir il sonra, 101 yaşında o, idman karyerasını başa vurub. Yüzilliyin nailiyyətləri qiymətləndirilsə də, doğum haqqında şəhadətnaməsi olmadığı üçün heç vaxt Ginnesin Rekordlar Kitabına düşməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə