Əlişir Usmanovun sərvəti bir milyard dollar artıb

“Bloomberg” indeksinə əsasən, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun sərvəti bu ilin əvvəlindən bir milyard dollardan çox artaraq 19,5 milyard dollara çatıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu reytinqə görə, Rusiya prezidenti Vladimir Putinə yaxın sayılan Usmanov hazırda dünyanın 500 ən varlı adamı siyahısında 81-ci yerdədir.

Ötən il fevralın sonunda Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Əlişir Usmanov ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb.

Yeri gəlmişkən Namanqan vilayətinin Çust rayonundan olan Əlişir Usmanov USM Group-un Rusiyadakı təsisçisi və əsas səhmdarıdır. Bu qrupa bir sıra şirkətlər, o cümlədən Metalloinvest, Udokan Copper və MegaFon daxildir. Usmanov “Kommersant” nəşriyyatının da sahibidir.

Bundan əvvəl o, “VK” (“VKontakte” sosial şəbəkəsi) və Böyük Britaniyanın “Arsenal” klubunun sahibi olub, 2022-ci ilin martına qədər isə Beynəlxalq Qılıncoynatma Federasiyasının rəhbəri vəzifəsində çalışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə