Orucluq dövründə qidalanma və həyat rejimində dəyişikliklər fiziki aktivliyə də təsirsiz ötüşmür. Gün ərzində qida və maye qəbul edilməməsi orqanizmin enerji balansını dəyişir və bu da idman edən şəxslər üçün müəyyən suallar yaradır: Orucluqda idman etmək olarmı? Hansı vaxt daha uyğundur? Hansı məşqlər təhlükəsiz hesab olunur?
Bu suallara aydınlıq gətirmək üçün Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi Səidə Kərimova ilə həmsöhbət olduq.
– Səidə xanım, orucluq dövründə idmanla məşğul olmaq olarmı?
– Bəli, orucluq dövründə idman etmək mümkündür. Lakin burada əsas prinsip təhlükəsizlik və düzgün planlaşdırmadır. Gün ərzində qida və maye qəbul olunmadığı üçün orqanizmin enerji ehtiyatları azalır, maye balansı dəyişir və maddələr mübadiləsi fərqli rejimdə işləyir. Bu səbəbdən də adi günlərdə etdiyimiz intensiv məşqləri eyni şəkildə davam etdirmək düzgün olmaz.
Əgər məqsəd sağlam qalmaq, əzələ tonusunu qorumaq və hərəkətliliyi saxlamaqdırsa, yüngül və orta intensivlikli fiziki aktivlik kifayət edir. Orucluq dövrü performans artırmaq üçün deyil, mövcud fiziki vəziyyəti qorumaq üçün daha uyğun zamandır.
– Hansı vaxt idman etmək daha məqsədəuyğundur?
– Ən optimal vaxt iftardan 1–2 saat sonradır. Bu zaman orqanizm artıq qida və maye qəbul edib, enerji səviyyəsi nisbətən bərpa olunur. Bu mərhələdə orta intensivlikli məşqlər etmək mümkündür.
Digər alternativ vaxt iftara 30–60 dəqiqə qalmış dövrdür. Lakin bu zaman yalnız çox yüngül hərəkətlər – məsələn, gəzinti və ya dartınma məşqləri məsləhətdir. Çünki susuzluq fonunda intensiv məşq etmək təzyiqin düşməsinə və halsızlığa səbəb ola bilər.
Günün isti və uzun saatlarında ağır fiziki yüklənmə isə qətiyyən tövsiyə edilmir.
– Hansı idman növlərini daha uyğun hesab edirsiniz?
– Orucluq zamanı aşağıdakı fiziki aktivliklər daha təhlükəsiz və effektivdir. Bunlara yüngül tempdə 20–30 dəqiqəlik gəzinti, streçinq və dartınma hərəkətləri, pilates və ya yoga, nəfəs məşqləri və aşağı intensivlikli ev proqramları aiddir. Bu növ məşqlər qan dövranını yaxşılaşdırır, əzələlərin elastikliyini qoruyur və ümumi hərəkət qabiliyyətini saxlayır.
Ağır çəkili məşqlər, intensiv kardio, uzunmüddətli qaçış və yüksək dözümlülük tələb edən proqramlar isə bu dövrdə məqsədəuyğun deyil.
– Orucluq zamanı idman edərkən hansı risklərə diqqət yetirilməlidir?
– Əsas risk susuzlaşma və enerji çatışmazlığıdır. İdman zamanı tərləmə artır və maye itkisi daha da çoxalır. Bu da başgicəllənmə, halsızlıq, ürəkbulanma, diqqətin azalması və təzyiqin düşməsi ilə nəticələnə bilər. Əgər məşq zamanı güclü halsızlıq, başgicəllənmə, göz qaralması, ürəkdöyünmənin artması və əzələ spazmları kimi əlamətlər hiss olunarsa, dərhal dayanmaq lazımdır. Bu hallarda istirahət etmək və iftar zamanı kifayət qədər maye qəbul etmək vacibdir.
– Qidalanma və maye qəbulu ilə bağlı nə tövsiyə edərdiniz?
– İftarda ağır və çox yağlı qidalardan uzaq durmaq lazımdır. Balanslı şəkildə zülal, kompleks karbohidrat və tərəvəz qəbul etmək daha faydalıdır. İdman edən şəxslər xüsusilə kifayət qədər su və mineral balansına diqqət etməlidirlər. Sahur zamanı da zülallı və lifli qidalar seçmək gün
– Sonda nə demək istərdiniz?
-Orucluq dövrü insan üçün yalnız mənəvi deyil, həm də fiziki nizam-intizam və özünü tənzimləmə mərhələsidir. Bu müddətdə düzgün planlaşdırılmış və balanslı fiziki aktivlik orqanizmi zəiflətmir, əksinə, bədənin tonusunu qorumağa və ümumi sağlamlığı dəstəkləməyə kömək edir. Ən vacib məqam isə öz bədənimizi dinləmək, onun ehtiyaclarını nəzərə almaq və fiziki yüklənmədə həddi aşmamaqdır. Bu yanaşma həm sağlamlığı qorumağa, həm də orucluq dövrünü daha rahat keçirməyə imkan yaradır.
Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB