Bu il Ümumdünya Sağlamlıq Günü “Sağlam həyata başlanğıc daha firavan gələcəyin zəminidir” şüarı altında keçirilir. SİA xəbər verir ki, səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi müasir səhiyyənin qarşısında duran başlıca vəzifələrdəndir. Anaların və yeni doğulmuş körpələrin sağlamlığı ailələrin və cəmiyyətin sağlamlığının əsasıdır və hamımız üçün firavan gələcəyin təminatıdır.
Təəssüf ki, hər il təxminən 300 min qadın hamiləliyin və ya doğuşun ağırlaşmalarından həyatını itirir, 2 milyondan çox körpə isə həyatının ilk ayında tələf olur və milyonlarla uşaq ölü doğulur. Beləliklə, orta hesabla hər 7 saniyədə bir qarşısı alına bilən ölüm baş verir.
Mövcud tendensiyalara əsasən, ölkələrin beşdə dördü 2030-cu ilə qədər anaların sağ qalma göstəricilərinin yüksəldilməsi sahəsində qlobal vəzifələrin yerinə yetirilməsi qrafikindən geri qalır. Bütün dünyada qadınlar və onların ailələri doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra yüksək keyfiyyətli qayğıya, fiziki və emosional dəstəyə ehtiyac duyurlar.
Qeyd edək ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılmışdır və həmin tarixdən dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 1950-ci ildən başlayaraq, hazırda bütün dünyada həmin tarix Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.
7 aprel 2025-ci ildə qeyd olunan Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı ana və yeni doğulanların sağlamlığı ilə bağlı bir il davam edəcək maarifləndirmə kampaniyasına başlayır. “Sağlam həyata başlanğıc daha firavan gələcəyin zəminidir” şüarı altında keçirilən kampaniya dövlətləri və səhiyyə sahəsində çalışanları qarşısı alına bilən ana və uşaq ölümlərinə son qoymaq üçün səyləri artırmağa və bütövlükdə qadınların sağlamlığına və rifahına üstünlük verməyə çağırır.
Bu günün keçirilməsinin əsas məqsədi ana və yeni doğulmuş uşaqların sağ qalması ilə bağlı çətinliklər və qadınların rifahının yüksəldilməsi zərurəti barədə məlumatlılığın artırılması, qadınların və yeni doğulmuş uşaqların sağlamlığının yaxşılaşdırılması üçün tədbirlərə qoyulan investisiyanın tərəfdarı olmaq, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı məsələlərə dair faydalı tibbi məlumatları yaymaqdır.
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə