Dərmansız tinnitusdan qurtulmağın yolu tapılıb

Sinir liflərinin bloklanması kömək edəcək..?

...ABŞ-ın Cons Hopkins Universitetinin alimləri aşkar ediblər ki, qulaq və beyni birləşdirən sinirləri qismən “söndürmək” qulaqlarda daimi cingilti olan tinnitusdan xilas olmağa kömək edə bilər.

SİA xəbər verir ki, bu barədə universitetin JHU saytında məlumat verilib.

Tinnitusun inkişaf mexanizmi daxili qulağın səs dalğalarını beyin üçün elektrik siqnallarına çevirən tük hüceyrələrinin zədələnməsi ilə başlayır.

Bu hüceyrələr, məsələn, yüksək səslər və ya qocalma nəticəsində zədələndikdə, bəzi sinirlər tərsinə - beyindən qulağa qədər işləməyə başlayır və nasaz audio sistemdə səsin artırılmasına bənzər səs-küy yaradır. Alimlər bu prosesi “geri əlaqə” adlandırırlar.

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə qulaqdan beyinə gedən sinirlərin bir hissəsini “söndürüblər”. Bundan sonra optik koherens tomoqrafiya texnologiyasından (bədənin daxili strukturlarını real vaxtda görməyə imkan verir) istifadə edərək, ilbizin daha aktiv işləməyə başladığını müşahidə ediblər.

Alimlər deyirlər ki, "arxa kanalların" bloklanması insanlarda tinnitus əlamətlərini azalda və ya yox edə bilər. Bununla belə, bu texnikanın effektivliyini yoxlamaq üçün könüllülərin iştirak etdiyi tədqiqatlara ehtiyac var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə