Səhiyyə Nazirliyi və PAŞA Holdingin birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Sabirabad rayonunda reallaşıb. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Sabirabad və ətraf rayon sakinləri aktiv iştirak ediblər. SİA xəbər verir ki, tibbi müayinə “Sabirabad” klinikasında təşkil edilib. "Fərqindəlik" layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, "Erkən müayinə can qurtarır" adlı tibbi müayinə ikinci dəfədir keçirilir və bu dəfə Sabirabadda təşkil olunub. Kampaniya ölkə üzrə 24 rayonu əhatə edəcək, o cümlədən işğaldan azad edilən rayonlarda da təşkil olunacaq. Aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.
"Səhər saat 10-da başlayan aksiyanın ilkin saatlarında 38 nəfər müayinədən keçib. Gün ərzində 100-ə yaxın sakinin müayinə olunması nəzərdə tutulub. Həmçinin aksiya zamanı sakinlər arasında erkən müayinənin əhəmiyyəti haqqında da maarifləndirici söhbət aparılır. Onlara diabetin erkən mərhələlərdə aşkar olunmasının çox vacib olduğu izah edilir. Belə ki, xəstəliyin erkən diaqnozu sayəsində ciddi sağlamlıq problemlərinin qarşısı alınır və müalicə daha effektiv olur. Erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. Diabetin nəzarət altında saxlanması ilə xəstələr gündəlik həyatlarında daha aktiv və sağlam ola bilərlər", - deyə o əlavə edib.
Sakinlər də təşkil olunan aksiyanı müsbət qiymətləndiriblər. Rayon sakini Telnaz Hüseynova müayinədən keçərkən diabet olduğu aşkarlanıb: “Həkimlərimizin müayinəsindən keçdim, diabet olduğum müəyyən edildi. Lazımı müalicə yazıldı, həmçinin diabetin yoxlanılması üçün avadanlıq verildi. Belə aksiyalar xəstəliklərin erkən aşkarlanmasında çox əhəmiyyətlidir".
Haqverdi Əliyev də tibbi müayinədən yararlanan sakinlərdəndir. "Belə təşəbbüslərin çox faydası var. Xəstəliklərin erkən aşkarlanması nəticəsində biz sakinkər öz sağlamlığımızı qorumuş oluruq. Bu gün müayinədən keçdim və peşəkar həkimlərimiz tərəfindən müalicə təyin edildi”, - deyə o bildirib.
Qeyd edək ki, Göyçay rayonundan sonra, Sabirabadda keçirilən "Erkən müayinə can qurtarır" aksiyası ölkənin digər regionlarında da təşkil olunacaq. Region sakinləri diabetin erkən mərhələlərində aşkarlanması və ona qarşı mübarizənin effektivliyi ilə bağlı məlumatlandırılacaqlar. Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı məlumatlandırmaq və sağlam cəmiyyət qurmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə