Anoreksiya və bulimiyanın müalicəsində gizli maneə tapılıb...

Yemək pozğunluğu olan insanlar depressiyadan əziyyət çəkənlərə nisbətən daha çox sosial stiqma ilə üzləşirlər ki, bu da onların müalicə almasını çətinləşdirir.

SİA-nın məlumatına görə, Cənubi Avstraliya Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər.

Tədqiqatda depressiya, anoreksiya, bulimiya və həddindən artıq yemək kimi müxtəlif psixoloji vəziyyəti qiymətləndirmələri istənən 235 insan iştirak edib.

Məlum olub ki, yemək pozğunluqları ən çox mənfi şəkildə qəbul edilir. Sorğu iştirakçıları digər pozğunluqlara nisbətən "kiçik" və daha az ciddi hesab etdikləri həddindən artıq yeməyə qarşı xüsusilə güclü qərəzlilik ortaya çıxıb.

İddialara görə, dünya əhalisinin təxminən 9 faizi qidalanma pozğunluğundan əziyyət çəksə də, bir çox insanlar bu xəstəliklərin tibbi problemdən çox iradə çatışmazlığının nəticəsi olduğuna inanır.

Tədqiqat müəlliflərinin fikrincə, bu qavrayış insanların vaxtında kömək istəməsinə mane olur və onların vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Tədqiqatçıları xüsusilə narahat edən, qidalanma pozğunluğu olan xəstələrin sayının sürətlə artmasıdır. Təkcə Avstraliyada 2018-ci ildən 2020-ci ilə qədər uşaqlar və yeniyetmələr arasında sağlamlıq xidmətlərinə edilən ziyarətlər 62 faiz artıb.

Tədqiqatçılar insanların müalicəyə müraciət edə bilməsi və lazım olan dəstəyi vaxtında ala bilməsi üçün bu xəstəliklərlə bağlı ictimaiyyətin qavrayışının dəyişdirilməsinə, məlumatlılığın artırılmasına və stiqmanın azaldılmasına çağırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə