"“Meymun çiçəyi"nin geniş epidemiya yaratmaq potensialı bugün yoxdur” - HƏKİM FİKRİ
“Əvvəla qeyd edim ki, "Meymunçiçəyi" virusu çiçək virusu ailəsinə aiddir. Bura suçiçəyi, təbii çiçək kimi viruslar da aiddir”. Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, təbii çiçək çox təhlükəli infeksiyadır: “Zamanında milyonlarla insan tələfatına gətirib çıxarıb və vaksinasiya nəticəsində 80-ci ildə yoxa çıxıb. Amma istənilən müddət bu yenə baş verə bilər”.
Adil Qeybulla sözlərinə belə davam edib: “Meymun çiçəyi virusu da bu ailəyə aiddir. "Meymun çiçəyi" virusunda da başqa çiçək virusunda olduğu kimi bədəndə səpgilərin olması çox xarakterikdir. Bu zaman içi sarı maye dolu pustulalar baş verir. Bu çox xarakterikdir. Ondan başqa, bu limfa düyünlərinin böyüməsi, üşütmə, qızdırma, baş ağrıları, əzələ ağrıları, bel ağrıları baş verir. Ümumiyyətlə, ümumi halsızlıq, zəiflik özünü göstərir. "Meymun çiçəyi" virusu xarakterik əlamətlərin getdiyi üçün onu təyin etmək asandır. Amma hər halda insan xəstələndikdən və müəyyən dövrdən sonra bu əlamətlər ortaya çıxır. Ona görə də o yəni xeyli adamı xəstələndirə bilər.
Hesab edirəm ki, insanlar maariflənməlidirlər. Xəstəlik daha çox təmas yolu ilə keçir və ciddi xəstələnmiş artıq klinik əlamətlərin pik dövründə asqıran, öskürən şəxslər xəstəliyi keçirdə bilər. Qalan hallarda xəstənin ya dərisi ilə təmas varsa, xəstə və yaxud da ki onun biomateriallarının yəni, deyək ki o qabarların, suyunun və s. paltara, müəyyən əşyalara hopmasından onunla təmas nəticəsində insanlar yoluxa bilərlər. "Meymun çiçəyi"nin geniş epidemiya yaratmaq potensialı bugün yoxdur. Sabah o özünü bir neçə ildə necə aparacaq deyə bilmərik. Hər halda indiki variantda yoxdur. Amma xəstəlikdən mümkün qədər qorunmaq lazımdır.
Hesab edirəm ki, insanlar maarifləndirməyə fikir verməli, xəstələndiyi təqdirdə evdə təcrid olunmalı, yataq rejimində olmalı, bol maye qəbul etməli və sağaldıqdan sonra paltarların hər biri dezinfeksiya edilməli, yataq dəsti və s. yenidən təmizlənməlidir. Bu şeylərə diqqət etmək, xəstəlik ağırlaşdıqda, hansısa bir əlamətlər olsa mütləq həkim nəzarətində olmaq lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə