"El arasında "banka qoydurmaq" kimi tanınan, tibbdə isə "vakum terapiyası" adlanan bir metod tibdə çox da sübutlu, əsaslı və effektiv bir terapiyaya malik olmadığı üçün həkimlər tərəfindən çox da tətbiq olunmur". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, lakin bununla yanaşı vakum terapiyasının ehtimal olunan effektləri var: "Bunlar da birinci növbədə qan dövranını yaxşılaşdırmaq effektidir. Vakum effekti dəri və əzələlərdə qan axınını artırır. Bu da toxumalarda daha çox oksigen qida maddələrinin çatdırılmasına kömək edir. Əzələ ağrıları və gərginlik zamanı spazmaları aradan qaldıra bilir. Məsələn, idmançılar tez-tez bu metodlara əl atırlar. Eyni zamanda sinir uclarını stimullaşdıraraq sinir keçiriciliyini yaxşılaşdırma effekti vardır.
Ancaq əfsuslar olsun ki, sadalanan effektlərdən daha çox zərər və riskləri var. Bu risklər daha çox dəridə olan problemlərdir. Xüsusilə bankanın təsiri ilə dəridə göyərmələr, qançırlar, hətta qismən toxuma zədələnməsi baş verə bilər. Bu da yanmalara qədər gətirib çıxara bilir.
Banka düzgün steril şəraitdə edilmədikdə dəri infeksiyalarına səbəb ola bilir. Düzgün yerə qoyulmadıqda və düzgün texnikadan istifadə olunmadıqda həmin nahiyədə kəskin ağrılar və sonrakı dönəmdə daha ağırlaşmış fəsadlar verə bilir.
Xroniki xəstələrdə olan risk faktorları böyükdür. Bura xüsusilə də şəkərli diabet aiddir. Qanın laxtalanması və ürək-damar problemi olan insanlarda əks göstərişdir.
Eyni zamanda, yüksək hərarət, kəskin infeksion xəstəliklər zamanı banka qoydurmaq qətiyyən olmaz. Çünki bankanın verdiyi isti daxili orqanlarda infeksion ocaqlarını daha da artırır və nəticədə həmin infeksiyanın daha da artmasına və septiki durumlara gətirib çıxarır. Hamilə qadınlarda da qətiyyən banka qoydurmaq tövsiyə olunmur.
Həkim-terapevt olaraq onu tövsiyə edərdim ki, vakum terapiyası elmi sübutlarla təstiqlənməyib və bir çox araşdırmalarda məhduddur. Banka terapiyasının insan orqanizminə gözlənilən və hiss olunan dərəcədə heç bir effekti olmur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə