“Türkiyədəki yanğınlar təxribat xarakteri daşıyır" - DEPUTAT ŞƏRH ETDİ

“Türkiyədəki yanğınlar təxribat xarakteri daşıyır. Eyni vaxtda müxtəlif ərazilərdə yanğının baş verməsindən də hiss olunur ki, bu təxribatdır. Türkiyə üçün böyük faciədir. Onlar üçün çox ağır bir sınaq dövrüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sevindirici olan odur ki, Türkiyənin bu ağır günündə Azərbaycan cənab Prezident İlham Əliyevin tapşırığı ilə yanğının qarşısının alınmasına böyük dəstək verir: “Bu da Türkiyə-Azərbaycan qardaşlığında yeni bir sınaq hadisəsi oldu. Amma yara çox ağırdır. Ümid edirəm ki, bu yaranı bütün millət birlikdə olub aşacaq və bundan sonrakı dövrdə yanğınlar tam nəzarət altına alınacaq”.

Deputat sözlərinə belə davam edib: “Bundan sonra Türkiyənin yeni quruculuq işlərində darda qalmamaları üçün Azərbaycan da əlindən gələni edəcək. Bu çox ağır prosesdir. Bu qədər meşələr, fauna, insanların evləri məhv oldu. Ümid edək ki, Türkiyə bu zərbənin də altından böyük bir dəyanətlə çıxacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə