Babək rayonunda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. SİA xəbər verir ki, yanvarın 28-də Babək rayon Şıxmahmud kənd sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəhman Bayramova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə