Zaqatala, Şəki və Oğuzda ətraf mühitə ekoloji ziyanla bağlı şirkətlər cərimələnib
Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Zaqatala rayonu Aşağı Tala kəndində “Azeri-M” firmasının vəzifəli şəxsi tərəfindən atmosfer havasına zərərli maddələr atılması, “Dolomit” MMC və “Euroline” MMC-nin vəzifəli şəxsləri tərəfindən Kiş çayının sahilindəki karxananın fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələrin atılması, həmçinin vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) və 234.0.1-ci (müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Şəki, Zaqatala və Nərimanov rayon məhkəmələrinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə