“Boş qalan plan yerləri yenidən seçimə çıxarılmalı və ya əcnəbi tələbələrə təklif olunmalıdır” - TƏHSİL MÜTƏXƏSSİSİ

“Boş qalan plan yerləri yenidən seçimə çıxarılmalı və ya əcnəbi tələbələrə təklif olunmalıdır” - TƏHSİL MÜTƏXƏSSİSİ

"Məlum olduğu kimi, qəbul imtahanları başa çatdıqdan sonra müsabiqə tələblərini ödəyən abituriyentlər ixtisas seçimi edirlər. Lakin ixtisas seçimi etmiş abituriyentlərin bəziləri sonradan bu və ya digər səbəblərdən qəbul olduqları ixtisaslar üzrə oxumaqdan imtina edirlər. Beləliklə, ali təhsil müəssisələrində dövlət sifarişli yerlər boş qalmış olur". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi bu mexanizmi ali təhsilin maliyyələşdirilməsi üçün ayrılmış dövlət vəsaitinin tam xərclənməsi baxımından vətəndaşyönümlü addım hesab etmək olar:

"Beləliklə, abituriyent, bəlkə də, bir-iki bala görə ödənişli formada təhsil alacaqdısa, bunun sayəsində ödənişsiz təhsil imkanı əldə etmiş olur.

Lakin bir məsələ açıq qalır. Sonradan 1870 dövlət sifarişli yeri ödənişli yerlərə qəbul olan abituriyentlər seçirsə, bu halda da eyni sayda ödənişli plan yeri boş qalır.

Ya Dövlət İmtahan Mərkəzi qəbul ola bilməyən abituriyentlər üçün yenidən ixtisas seçimi imkanı yaratmalı, ya da universitet həmin yerləri əcnəbi tələbələrə təklif etməlidir. Təəssüf ki, bizdə universitetlərin gəlirləri tədqiqatlardan, elmi fəaliyyətlərdən daha çox tələbələrin illik təhsilhaqqılarından və dövlət vəsaitlərindən qaynaqlanır. Bu baxımdan yerlərin boş qalması da universitetlərə zərər edir.

Yerli ali təhsil müəssisələrində kifayət qədər sayda yer boş qaldığı təqdirdə qəbul ola bilməyən abituriyentlərin xarici universitetlərə üz tutması isə kifayət qədər vəsaitin ölkə xaricinə çıxmasına səbəb olur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə