Diplom uğurlu karyera üçün yetərlidirmi? - EKSPERT DANIŞDI

Diplom uğurlu karyera üçün yetərlidirmi? - EKSPERT DANIŞDI

"Çox təəssüf ki, bəzən ümumtəhsil məktəblərində belə bir düşüncə formalaşır ki, məktəbdə yüksək nəticə göstərən və uğurlu məzun olan şagirdlər gələcək həyatda da mütləq uğur qazanacaqlar. Amma həyat təcrübəsi göstərir ki, bu, heç də hər zaman belə olmur".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, akademik göstəricilər vacibdir, lakin həyatda uğur təkcə məktəb qiymətləri ilə müəyyənləşmir:

"Burada sosial bacarıqlar, emosional intellekt, ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq, yaradıcılıq və yeniliklərə açıq olmaq kimi keyfiyyətlər də böyük rol oynayır.

Digər tərəfdən, ailənin dəstəyi də mühüm əhəmiyyət daşıyır. Ailənin maddi və mənəvi imkanları olduqda, gənc əlavə kurslara, inkişaf proqramlarına, təlimlərə və müxtəlif layihələrə qoşula bilir. Bu isə onun həm şəxsi, həm də peşəkar inkişafına ciddi töhfə verir.

Bu gün müşahidə edirik ki, yüksək balla ali təhsil müəssisələrinə qəbul olan və universiteti yüksək nəticələrlə bitirən gənclərin heç də hamısı əmək bazarında eyni dərəcədə uğur qazanmırlar. Əgər onların əlavə bilik və bacarıqlar əldə etmək imkanları məhduddursa, müxtəlif inkişaf proqramlarında iştirak edə bilmirlərsə və ya peşəkar təcrübə toplamırlarsa, əmək bazarında rəqabət aparmaq onlar üçün daha çətin olur. Nəzərə almaq lazımdır ki, bu cür kurs və proqramların əksəriyyəti ödənişlidir və hər kəs üçün əlçatan deyil.

Ona görə də yalnız "mən yüksək balla universitetə qəbul oldum, oranı da yüksək qiymətlərlə bitirdim, deməli, mütləq yaxşı iş tapacağam və uğurlu olacağam" düşüncəsi bu günün reallıqlarına tam uyğun gəlmir. Müasir dövrün tələbləri artıq fərqlidir.

Bəzən əmək bazarında orta nəticələrlə təhsil almış, lakin çevik düşünən, insanlarla ünsiyyət qurmağı bacaran, özünü inkişaf etdirən və dəyişən şərtlərə tez uyğunlaşan insanlar daha uğurlu olurlar. Çünki işəgötürənlər təkcə diplom və qiymətlərə deyil, eyni zamanda namizədin praktik bacarıqlarına, komandada işləmək qabiliyyətinə, məsuliyyət hissinə və təşəbbüskarlığına da önəm verirlər.

Bu baxımdan hesab etmirəm ki, məktəbdə yüksək nəticə göstərən hər bir şagird gələcəkdə mütləq uğurlu olacaq. Eyni zamanda, aşağı nəticə göstərən hər bir şagirdin də uğursuz olacağını söyləmək doğru deyil. Həyatda uğuru müəyyən edən amillər daha genişdir. Akademik biliklə yanaşı, şəxsi inkişaf, həyat təcrübəsi və peşəkar bacarıqlar da bu uğurun əsas şərtlərindəndir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə