“Yüksək bal toplayan abituriyentlərin sayı azalıb” - EKSPERT RƏY BİLDİRDİ

"Əvvəlki illərdə universitetlərə qəbul zamanı yüksək bal toplayan abituriyentlərin sayı daha çox idi". Bu sözləri SİA-ya danışan təhsil eksperti Adil Vəliyev deyib.

O bildirib ki, koronavirus pandemiyasından sonra qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı azalıb: "Düşünürəm ki, bunun da əsas səbəbi pandemiya dövründə distant təhsil sistemini tətbiq etməyimiz oldu. Çünki onda şagirdlər dərslərini kifayət qədər yaxşı mənimsəyə bilmədilər.

Üstəlik, pandemiya zamanı hazırlıq üçün repetitor yanına və kursa gedə bilməmək kimi problemləri də nəzərə almaq lazımdır. Bu səbəblərə görə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballarda kifayət qədər azalmalar müşahidə olundu".

Mütəxəssis qruplar arasında bəzi dəyişikliklərin olduğunu da diqqətə çatdırıb: "Bəzi ixtisasların ixtisas qrupları dəyişdi. Həmçinin, bəzi ixtisaslar üçün də fənlər də müəyyən dəyişikliklər oldu. Məsələn beynəlxalq münasibətlər, regionşünaslıq kimi ixtisaslar II qrupdan III qrupa keçirildi. Kimya, riyaziyyat, informatika kimi fənlər də I qrupdan çıxarıldı.

Qrupların daxilində olan ixtisaslarda dəyişikliklərin olması birbaşa abituriyentlərin az bal toplamasına təsir edə biləcək amillər sırasındadır. Amma növbəti illərdə bu yenilikləri mənimsəmiş abituriyentlər üçün yüksək bal toplamaq bir qədər rahat olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə