“EducationUSA” sərgisi keçiriləcək

ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” məzun sərgisini təşkil edəcək. Bu sərgi ABŞ-da təhsil ilə maraqlananlar üçün böyük imkanlar təqdim edəcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, sərgidə ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq. Həmçinin səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək. Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-dək Landmarkın (ünvan: Nizami 90A) “Rotunda” zalında keçiriləcək.

ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları təhsil almış olduqları universitetləri təmsil edəcək, öz təcrübə və məsləhətlərini bölüşəcəklər. İştirakçılar fərdi müzakirələrə qoşula biləcək, müraciət prosesi və təqaüd imkanları ilə bağlı lazımi məlumatlar əldə edəcəklər.

Son illər ABŞ-da təhsil alan azərbaycanlıların sayı xeyli artıb. 2022-2023-cü tədris illərində ABŞ-ın ali təhsil müəssisələrində 901 azərbaycanlı tələbə təhsil alıb. Bu, 2021-ci illə müqayisədə təxminən 25 faiz, 2020-ci illə müqayisədə isə 62 faiz artım deməkdir. Bu il Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ADA Universiteti ilə birgə yeni diplom proqramına başlayıb və SAT universitetlərə qəbul imtahanında iştirak edən azərbaycanlı tələbələrin sayı iki dəfədən çox artıb. Getdikcə daha çox azərbaycanlı tələbə səfirliyin bir çox ingilis dili və təhsil mübadilə proqramlarında iştirak edir, həmçinin ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə bağlı valideynlərə və tələbələrə məsləhət verən “EducationUSA” əməkdaşları ilə ödənişsiz, individual formada görüşlərdə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə