"Qadınların böyük əksəriyyəti oxuma-yazma bacarıqlarına malikdirlər" - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Hal-hazırda Azərbaycanın təkcə 51 ali təhsil müəssisəsində 187 min tələbə, 54 orta ixtisas təhsil müəssisəsində, yəni kolleclərdə 40 minə yaxın tələbə, həmçinin peşə təhsil müəssisələrimizdə kifayət qədər tələbə var. Yəni, Azərbaycanda 200 mindən çox insan tələbə statusundadır. 4 min 432 orta ümumtəhsil müəssisəmizdə 1.6 milyon şagird var. 1.6 milyon şagirdlə də 150 min müəllim təlim, tərbiyə və tədrislə məşğuldur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda oxuma-yazma ilə bağlı problemli vətəndaşlar yoxdur. Hətta beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda savadlılıq göstəricisi 99.9 faizdir. Bunun birinci səbəbi odur ki, ölkəmizdə qanunvericiliyə görə təhsil icbaridir. Yəni, fiziki vəziyyəti orta ümumtəhsil məktəblərinə getməyi uyğun olan hər bir şagird tədris prosesinə cəlb olunur. Yəni, şagirdlər mütləq şəkildə məktəbdə dərsdə olmalıdır. Nazirlər Kabinetinin sinifdən-sinifə keçmək qaydalarına görə minimum biliklərə yiyələnirlər. Bu şagirdlər həm də 9 və 11-ci sinifdə buraxılış imtahanı verirlər. Orada kurikulumun müxtəlif məzmun standartları yoxlanılır və ölçülür. Biz deyə bilmərik ki, şagirdlərimiz oxuma-yazma bacarıqlarına malik deyil. Azərbaycan vətəndaşlarının 17 faizi ali təhsillidir. Yəni, hər 100 nəfərdən 17 faizi ali təhsillidir. Hər 100 nəfərdən 32-si isə orta ixtisas təhsillidir. Onların maksimum biliklərə sahib olduğunu sübut edən rəsmi sənədlər var.

Hüquqi savadsızlığın tüğyan etməsi məsələsinə gəldikdə isə bunun savadlılıqla əlaqəsi yoxdur. İnsanlar oxuyub yaza bilirlər. Bir neçə nəfərin bu bacarıqlara malik olmaması heç də bütün ölkə vətəndaşlarının bu problemlə üzləşməsi demək deyil. Mən hesab edirəm ki, bu gün Azərbaycanda qadınların böyük əksəriyyəti oxuma-yazma bacarıqlarına malikdirlər. Hətta yaşlı nəslin nümayəndələrində də bu bacarıqlar var. Bunlar yaxşı göstəricidir. Bölgələrdə də qəbul imtahanlarında yaxşı nəticələr toplayanlar var. Bu bölgələrdə savadlılığın zəif olmadığını göstərir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə