BDU Yaponiyanın Tsukuba Universiteti ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) ilə Yaponiyanın Tsukuba Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə SİA-ya BDU-dan məlumat verilib.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke imzalayıblar. Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlərin, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Qeyd edək ki, əsası 1973-cü ildə əsası qoyulmuş Tsukuba Universiteti Yaponiyanın ən nüfuzlu universitetlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə