Biz hansı universiteti yaratmaq istəyirik? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Model olaraq Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin necə formalaşacağını söyləməkdə çətinlik çəkirəm". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, format Qarabağ Universitetinin Nazarbayev Universiteti formatında olması idi: "Deyəsən, bu xətt izlənmədi. Daha çox mən xaricdən tanınmış mütəxəssislərdən birinin gəlib yeni bir universitet modeli qurmasını düşünürdüm. Elə Türkiyə-Azərbaycan Universitetinə də baxışım budur.

Biz hansı universiteti yaratmaq istəyirik? Bunun üstündə düşünməliyik. Ənənəvi universitet sayını artırmaq üçün yaradılan universitet modelinə keçirik, yoxsa yeni, fərqli və brend bir universitetə çevrilmək istəyirik. Hələ ki, bunun izlənimləri bir qədər düşündüyüm formada olduğu barədə təməl hasil etmir. Ümid edək ki, yüksək səviyyəli bir universitet yaranacaq. Amma hər halda bu mövzu ətrafında düşünülməlidir ki, biz universitet sayını artırmaq üçün universitet yaratmırıq. Daha çox yeni bir model, universitet yaradırıq. Qafqazda necə ki, lider mövqeyimizi qoruyuruq, universitet liderliyi mövqeyimizi də fərqli şəkildə göstərməliyik. Bu universitet Gürcüstan və Ermənistanda olan universitetlərdən daha yüksək səviyyəli universitetə çevriləcəksə, bu bizim böyük qazancımız olacaq. Əgər adi Azərbaycan universitetləri formatında düşünüləcəksə, onda bunun perspektiv olaraq necə faydası olacağını söyləməkdə çətinlik çəkirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə