“İstehlakçılar ehtiyacları qədər deyil, büdcələrinin imkan verdiyi qədər alış-veriş edirlər” -EKSPERT DANIŞDI

“İstehlakçılar ehtiyacları qədər deyil, büdcələrinin imkan verdiyi qədər alış-veriş edirlər” -EKSPERT DANIŞDI

“Əvvəlki illərlə müqayisədə bu il kənd təsərrüfatı məhsulları bazarında tamamilə fərqli mənzərə müşahidə olunur. Mövsüm ərzində havaların qeyri-sabit keçməsi məhsuldarlığa və məhsulların keyfiyyətinə təsirsiz ötüşməyib. Lakin diqqət çəkən əsas məqam hava şəraitindən daha çox bazarda alıcılıq qabiliyyətinin zəifləməsidir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı - ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar kateqoriyasına daxildir:

”Satıcılar məhsullara istədikləri qiyməti təyin etsələr də, satılmayan məhsulların bir hissəsi qısa müddət sonra yararsız hala düşərək tullantıya çevrilir. Halbuki həm istehsalçının qazancı, həm də istehlakçının maraqları baxımından qiymətlər cəmiyyətin bütün təbəqələri üçün daha əlçatan olmalıdır.

Əvvəlki illərdə mövsümün ilk meyvə və tərəvəzlərinə maraq daha yüksək olurdu. İnsanlar bu məhsulları kiloqramlarla alırdılar. İndi isə eyni məhsullar daha çox kiçik paketlərdə və ya qramla satılır. Bu dəyişiklik təsadüfi deyil. Mağaza və marketlər məhsulları kiçik qablaşdırmalarda təqdim etməklə həm xarab olma riskini azaltmağa, həm də yüksək qiyməti alıcı üçün psixoloji baxımdan daha qəbulolunan göstərməyə çalışırlar.

Digər tərəfdən, istehlakçılar da əvvəlki kimi ehtiyacları qədər deyil, büdcələrinin imkan verdiyi qədər alış-veriş edirlər. Məsələn, alça, çiyələk və digər mövsümi meyvələr çox vaxt cəmi bir neçə ədəd olmaqla 3–5 manatlıq paketlərdə satılır. İnsanlar bu məhsulları artıq doyum üçün deyil, sadəcə dadına baxmaq üçün alırlar.

Bundan əlavə, istehlakçılar məhsulların saxlanma müddətinin də qısaldığını bildirirlər. Bu gün alınan bəzi meyvə və tərəvəzlər artıq növbəti gün keyfiyyətini itirir ki, bu da həm alıcıların narazılığına, həm də əlavə maddi itkilərə səbəb olur.

Kənd təsərrüfatı məhsullarının bahalaşmasını təkcə qiymət artımı ilə izah etmək düzgün olmaz. Əsas problem əhalinin gəlirlərinin eyni sürətlə artmamasıdır. Gəlirlə qiymətlər arasında tarazlıq pozulduğu üçün istehlakçılara məhsullar daha baha görünür və bu da bazarda alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə